Xəbərlər

Dindarlıq təsbehin uzunluğu ilə deyil, əməllə ölçülür – Dünşünas

Xurafat və mövhumat dinin zəhəridir. Əsl dindarlıq uzun təsbeh və saqqalla deyil, cəmiyyətə verilən fayda, savad və mənəvi ucalıqla ölçülməlidir.

Bunu Sosdem.az-a Milli Cəbhə Paprtiyasının başqan müavini, dinşünas Tural İrfan cəmiyyətdəki dindar obrazı, xurafatın fəsadları və dinin mahiyyətindən uzaqlaşma meyilləri barədə danışarkən deyib.

İlahiyyatçı zahiri görkəmi imanın əsas meyarı hesab edən kütləvi düşüncəni tənqid edərək, həqiqi möminliyin əməl və əxlaq müstəvisində olduğunu vurğulayıb.

“Cəmiyyətin bir qismi dini elmi və müasir üsullarla anladanları hədəfə aldığı halda, xurafatçıları baş tacı edir. Bir kütlə var ki, onun baxış bucağı, tərəzisi əyridir. Kim xurafatla daha çox məşğuldursa, ona dindar deyirlər. Dinin dərinliyini anladanları isə şərləyib ‘mürtəd, kafir’ elan edirlər. Böyükləri din adı ilə sırınan saxta hədislərlə, rəvayətlərlə uyudurlar. Reallıq budur ki, dindarlıq xeyirxahlıq və savadla deyil, uzun təsbeh, uzun saqqal, ancaq gödək ağılla ölçülür. Bu, əsl dinin mahiyyətindən uzaqlaşmaqdır”.

MCP rəsmisinin fikrincə, geyim və aksesuarlar dindarlıq əlaməti deyil, bəzən sadəcə fərqlənmək və riyakarlıq vasitəsidir:

“Saqqal, çalma, əba Allaha lazım deyil. Peyğəmbər də öz dövrünün adamları ilə eyni libası geyinirdi; bu, coğrafi iqlimin tələbi idi. Dindarı dinsizdən fərqləndirən əməl idi. Unutmayaq ki, həmin əbanı Peyğəmbərə qarşı vuruşan Əbu Cəhl də, Kərbəla faciəsini törədən Yezid də geyinirdi. Saqqal xisləti dəyişmir; Darvinin də səliqəli saqqalı vardı, amma bu onu imana gətirmədi. Üsamə bin Ladenin saqqalı isə onu qəddarlıqdan çəkindirmədi”.

Ekspert vurğulayıb ki, dindarlıq reklamsız yaxşılıq etmək və canlılara şəfqət göstərməkdir:

“Dindar dindən danışmağı ilə yox, dini yaşamağı ilə tanınmalıdır. Susuz bir itə su vermək riya ilə saxlanan saqqaldan, bir fəqirə yemək vermək isə əba ilə namaz qılmaqdan daha fəzilətlidir. Kim yaxşılıq edib onu başa qaxmırsa, kiminsə şərindən Allaha pənah aparılmırsa, dindar odur. Hələ də Aşura günü sabun işlətməməyi dindarlıq sayanlar var, halbuki eyni adamlar qeybət məclislərində başda otururlar. İnsanın dindarlığı onun daxili aləminin zənginliyi ilə seçilməlidir”.

Bir cavab yazın

Back to top button