Dində də, elmdə də mübahisəli məsələlər var… – Dünşünas

“Kainatın və yaradılışın başlanğıcı ilə bağlı elm bu günə qədər bütün suallara qəti cavab verə bilməyib; İnancın mahiyyəti riyazi sübutdan çox qəbul etməyə əsaslanır və hər iki sahəyə öz çərçivəsində yanaşmaq lazımdır”.
Bunu Yazar Aqşin Yeniseyin “bütün inanclar batildir, çünki sübutu yoxdur” fikrini dini, fəlsəfi və elmi prizmadan Sosdem.az-as şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.
“İnancı Sadəcə Psixoloji Rahatlıq Mənbəyi Kimi Təqdim Etmək Birtərəfli Yanaşmadır”
Dünşünas inanc məsələsinin təkcə psixoloji amillərlə məhdudlaşdırılmasının yanlış olduğunu diqqətə çatdırıb:
“İnancı sadəcə psixoloji rahatlıq mənbəyi kimi təqdim etmək düzgün yanaşma deyil. Əgər bir insanın hansısa inanca sahib olmasını yalnız rahatlıq tapmaq istəyi ilə izah ediriksə, eyni məntiqlə inancsız insanların da öz dünyagörüşlərində psixoloji rahatlıq tapdıqlarını qəbul etməliyik. Digər tərəfdən, tarix boyu müxtəlif inanc sistemlərinə müəyyən xurafatların, yanlış təsəvvürlərin qarışdığı məlumdur. Lakin bu fakt bütün inanc sistemlərinin kökündən yanlış və ya bəşəriyyət üçün zərərli olduğu anlamına gəlmir. Elm elmdir, inanc isə inancdır. Bu iki anlayışı bir-birinə qarşı qoymaq doğru deyil. İslam mütəfəkkirləri — Əl-Kindi, Əl-Fərabi, İbn Sina kimi alimlər dini düşüncə ilə fəlsəfi təfəkkürün bir-birinə zidd olmadığını əsaslandırıblar. Xüsusilə Əl-Kindi İslam inancını fəlsəfə və elmlə uzlaşdıran ilk filosoflardandır. Elmin öz daxilində də müxtəlif fikir ayrılıqları və mübahisələr mövcuddur”.
“Hər Hansı Elmi Nəzəriyyənin İrəli Sürülməsi Onun Mütləq Həqiqət Olması Demək Deyil”
MCP rəsmisi elmi nəzəriyyələrin və dini qaydaların dövrlərə görə təkamülünü və dəyişmə xüsusiyyətlərini belə izah edib:
“İki filosofun və ya alimin eyni məsələyə fərqli yanaşması bütün elmin yanlış olduğunu göstərmir. Dini baxımdan da insanların zaman-zaman xurafatlara yol verməsi inanc sistemlərinin məhz bu məqsədlə yaranması demək deyil. Elm inkişaf etdikcə elmi nəzəriyyələr yenilənir və təkmilləşdirilir. Vaxtilə doğru hesab edilən bir çox elmi yanaşmalar sonradan yeni sübutlar əsasında yenidən qiymətləndirilib. Bu, əvvəlki alimlərin savadsız olduğunu yox, öz dövrlərinin imkanları daxilində nəticəyə gəldiklərini göstərir. İnanc sistemlərində də dövrlərə görə fərqlər mövcuddur. Məsələn, dini baxışlara görə, Adəm peyğəmbərin dövründə mövcud olan qaydalarla Hz. İsanın dövründəki qaydalar arasında fərqlər olub. Sonrakı dövrlərdə də dəyişikliklər baş verib. Bu məsələdə insanların seçim azadlığı əsas prinsipdir”.

“İnancı Elmin Meyarları İlə Ölçmək Necə Yanlışdırsa, Elmi Də İnancın Meyarları İlə Qiymətləndirmək O Qədər Səhvdir”
Başqan müavini kainatın yaradılışı bəhsində elmin hələ də qəti cavab tapa bilmədiyi məqamları vurğulayaraq fikirlərini yekunlaşdırıb:
“Kainatın və yaradılışın başlanğıcı ilə bağlı elm bu günə qədər bütün suallara qəti cavab verə bilməyib. Müxtəlif nəzəriyyələr mövcuddur, lakin ilkin səbəbin necə meydana çıxması hələ də müzakirə mövzusudur. İnancın mahiyyəti sübutdan çox qəbul etməyə əsaslanır. Adından da göründüyü kimi, bu inancdır. Elmi yanaşma ilə dini inancı eyni meyarlarla qiymətləndirmək doğru deyil. İnanc sahibi müəyyən bir həqiqəti müqəddəs mətnə və ya peyğəmbərin sözünə əsasən qəbul edir. Elm isə müşahidə, təcrübə və sübut tələb edir. Bu səbəbdən inancı elmin meyarları ilə tam şəkildə ölçməyə çalışmaq necə doğru deyilsə, elmi də inancın meyarları ilə qiymətləndirmək bir o qədər yanlışdır. İnanca riyazi düsturlarla sübut axtarmaq əksər hallarda düzgün nəticə vermir. Hər iki sahənin öz prinsipləri var və onların hər birinə öz çərçivəsində yanaşmaq daha məqsədəuyğundur”.