Din xadimləri orta əsr metodlarından əl çəkməlidirlər… – Dinşünas

Aidiyyəti olmayan məkanlarda aparılan dini təbliğat hüquqi məsuliyyət yaradır:
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan Azərbaycandakı dini təbliğatın mövcud vəziyyəti, rəsmi din xadimlərinin fəaliyyəti və sosial şəbəkələrdəki qeyri-qanuni təbliğat barədə danışarkən deyib.
Dini biliklərin verilməsində müasir metodların tətbiqinin zəruriliyini və “dindar maskası” geyinmiş şəxslərin cəmiyyət üçün yaratdığı təhlükələri diqqətə çatdıran ilahiyyatçı vurğulayıb ki, İslam dininin əslində heç bir ruhani təbəqəyə ehtiyacı yoxdur:
“Ümumiyyətlə, dinin mahiyyətində mollalıq vəzifəsi yoxdur. Bu, sonradan dini ticarətə çevirən istismarçı ruhani təbəqənin yaranması nəticəsində ortaya çıxıb və bir qazanc mənbəyinə çevrilib. Ölkəmizdə yalnız rəsmi təyin olunmuş din xadimlərinin fəaliyyəti qanunidir. Dini biliklər Azərbaycan İlahiyyat İnstitutunun məzunları və rəsmi ilahiyyatçılar tərəfindən verilməlidir. Sosial şəbəkələrdə din adı ilə çıxış edənlərin çoxu ya xarici kəşfiyyatın təsirində olan fanatlar, ya da dini ticarətə çevirən dələduzlardır”.
Dinşünasın fikrincə, rəsmi din xadimlərinin passivliyi meydanı qeyri-peşəkarlara və zərərli qüvvələrə buraxır:
“Din xadimlərinin sosial şəbəkələrdə aktiv olmaması, şablon fəaliyyətlə məşğul olmaları bu boşluğu yaradır. Onlar hələ də orta əsrlərdəki metodlara – məscid, xütbə, rəvayət və moizələrə üstünlük verirlər. Lakin müasir dövr tamamilə başqa təbliğat vasitələri tələb edir. Din xadimləri müasir üslubda çıxış etmədikcə, insanlar yanlış və təhlükəli mənbələrə meyil edirlər”.

MCP rəsmisi xəbərdarlıq edib ki, aidiyyəti olmayan məkanlarda aparılan dini təbliğat hüquqi məsuliyyət yaradır:
“Sosial şəbəkələrdə yaxud münasib olmayan məkanlarda qanunsuz dini fəaliyyətlə məşğul olmaq mənəvi dəyərlərin təhrif olunmasına gətirib çıxarır. Xalqın dini biliklərə olan ehtiyacını aidiyyəti qurumlar və rəsmi din xadimləri doğru şəkildə qarşılamalıdır. Dini təbliğat qanunla tənzimlənməli, dindən sui-istifadə edən ‘maskalı’ şəxslərə qarşı cəmiyyət və dövlət ayıq-sayıq olmalıdır”.