Xəbərlər

Deputatdan benzinin bahalaşmasına reaksiya: Xərclər artır…

Benzinin bahalaşması cəmiyyətdə narazılıq doğurursa, bu təsadüfi deyil. Çünki yanacaq qiyməti təkcə avtomobili olanlara yox, bütün bazara təsir edir: daşımalar, ərzaq, xidmətlər və nəticədə gündəlik xərclər artır.

Sosdem.az xəbər verir ki, bunu benzinin bahlaşmasına münasibət bildirərkən Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili qeyd edib ki, rəsmi tərəf bunu qlobal qiymətlər, büdcə balansı və uzunmüddətli iqtisadi sabitliklə izah edə bilər və bu arqumentləri tam inkar etmək olmaz:

“Amma eyni zamanda reallıq da var: gəlirləri artmayan, amma xərcləri artan cəmiyyət üçün belə qərarlar həssas dövrdə daha ağır qəbul olunur. Xüsusən də sosial müdafiə mexanizmləri paralel gücləndirilmirsə, vətəndaşlar bunu birtərəfli və sosial ziddiyyət yaradan hal kimi qəbul edir.

Əsas sual budur: alternativlər nəzərə alınırmı? Bu suala cavab vermək isə çətindir. Rəsmi yanaşmanı alternativ yoxdur kimi görürəm. Çünki, iqtisadiyyayın, qeyri-neft sektorunun inkişafı kafi dərəcədə deyil və nəticədə rəqabətli və yüksək maaşlı iş yerləri də çox məhduddur”.

MCP başqanı əlavə edib ki, cəmiyyətə qərarın zəruriliyi daha açıq və əsaslandırılmış formada izah edilsəydi, narazılıq da bu qədər kəskin olmazdı:

“Yekun olaraq, məsələ təkcə benzinin qiyməti deyil. Problem qərarların zamanlaması, sosial təsiri və ictimai izahıdır. Dövlət iqtisadi sabitliyi düşünməlidir, amma eyni dərəcədə vətəndaşın gündəlik yükünü də görməlidir. Balans pozulanda etiraz səsi yüksəlir”.

Bir cavab yazın

Back to top button