Xəbərlər

Deputat taksi limitindən danışdı: “İnsanlar bir-birinin üstündə gedir”

“Nazirlər Kabineti təkliflər olmadan qərar imzalamır. Baş nazir quruma daxil olan təşkilatlardan müəyyən təkliflər alır, təkliflər qiymətləndirilir və bunun əsasında qərarlar qəbul olunur. Əslində, Bakı şəhərində taksi xidməti göstərən avtomobillərin sayının 25 minə endirilməsi qərarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilib. Yəqin ki, bu tənzimləmə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hazırlanıb. Necə hazırlanıb, nəyə əsaslanıb, deyə bilmərəm. Taksi sayı 25 minə endirilibsə, maraqlı hal yaranır. Bir il bundan öncə taksilərlə bağlı müəyyən tənzimləmələr həyata keçiriləndən sonra taksi qiymətlərində kəskin bahalaşma yarandı. Bəzi qiymətlər artıq Orta Avropa qiymətləri ilə eynidir. Hərçənd ki Azərbaycanda əməkhaqları və qazanc Avropa ilə eyni deyil. Bu, birmənalıdır”.

Sosdem.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

“Biz qərar hazırlayanda, təklif verəndə düşünməliyik ki, Azərbaycan insanının bunu etmək gücü varmı? Razıyam ki, Azərbaycanda hamı ictimai nəqliyyatdan istifadə etsin. Xidmət normallaşmağa doğru gedir, amma bu gün insanların istədiyi səviyyədə deyil. Alternativ olaraq nəzərdə tutula bilməz. Çünki ictimai nəqliyyatda insanlar bir-birinin üstündə gedir. Xeyli gözləyirlər. Düzdür, yeni avtobus zolaqları yaradılandan sonra sərnişinlər mənzil başına daha tez çata bilirlər. Bu, müsbət haldır. Zolaqların sayının artırılmasına yenə ehtiyac görürəm. Ümumilikdə isə insanlar həm metroda, həm də ictimai nəqliyyatda üst-üstə gedirlər, rahatlıq yoxdur. Taksi xidməti də bahalaşır. Yeni qərardan sonra taksi xidməti yenə bahalaşacaqsa, insanlar taksi belə tapa bilməyəcəklərsə, mən bu qərarı düzgün saya bilməyəcəyəm.

Düşünürəm, yəqin ki, bu məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə söhbət etmək lazımdır. Çünki qiymətlərin bahalaşması insanların cibinə uyğun deyil. Bunun bir əsası olmalıdır. Ölkədə və Bakıda sıxlığın qarşısının alınması üçün belə bir addım atılırsa, bu da heç cür məntiqli ola bilməz. Sıxlığın azalması üçün insanların cibi ziyan görməməlidir. İnsanlar başqa bir stress yaşamamalıdırlar. Sıxlığı azaltmaq üçün nə edirik ki, insanlar yollarda qalmasınlar, stress yaşamasınlar, psixologiyaları pozulmasın, evlərinə tez çatsınlar? İndi insanlar taksi də tapmasalar, taksi qıtlığı da yaransa, axı bu da əlavə olaraq başqa stress yaradacaq. Bu, həll yolu kimi görünmür”, – deputat bildirib.

Qeyd: Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25.000 müəyyən edilib. Bu Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir.

Bir cavab yazın

Back to top button