Xəbərlər

Deputat qohumuna görə məsuliyyət daşıyır? – Deputat köməkçisi

Son günlər Milli Cəbhə Partiyasının başqanı,deputat Razi Nurullayevin qardaşı oğlunun toyu ətrafında ciddi müzakirələr və təəssüf ki, aqressiv tənqidlər müşahidə olunur. Məsələyə bir anlıq emosiyadan kənar, sağlam məntiqlə yanaşmaq faydalı olardı.

Sosdem.az xəbər verir ki, bunu MCP-nin başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

Deputat köməkçisi vurğulayıb ki, əvvəla, bu toy dövlət tədbiri deyil, büdcə hesabına keçirilməyib və deputatın səlahiyyət dairəsinə daxil olan məsələ deyil:

“Toyu təşkil edən şəxs Hasil Nurullayevdir. O uzun illərdir Rusiyada çalışan, biznes fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı Rusiya vətəndaşı olan bir iş adamıdır. Qazandığını öz zəhməti ilə qazanıb və şəxsi ailə tədbirini də öz imkanı çərçivəsində keçirib. Məgər, bir deputat qohumunun şəxsi həyatına görə siyasi məsuliyyət daşımalıdırmı? Xeyr. Cəmiyyətdə çox təhlükəli bir tendensiya formalaşır. Kiminsə uğurunu, imkanını və ya ailə sevincini avtomatik olaraq linç mövzusuna çevirmək. Bu yanaşma sağlam ictimai mühit yaratmır”.

Başqan müavininin sözlərinə görə, Hasil Nurullayev illərdir Azərbaycanda xeyriyyəçiliklə məşğuldur:

“Sadəcə bunu reklam etməyib, paylaşmayıb, nümayiş etdirməyib. Çünki xeyirxahlıq səssiz olanda daha dəyərlidir. Halallıq da bəzən məhz bu səssizlikdə gizlənir”.

Köməkçisi qeyd edib ki, Razi Nurullayev iki çağırışdır Milli Məclisdə təmsil olunur, mütəmadi olaraq ali tribunadan sosial problemləri, seçicilərin maraqlarını dilə gətirən çıxışlar edir, təkliflərlə çıxış edir:

“Cəmiyyət olaraq məmurun ailə tədbirini yox, deputatın siyasi fəaliyyətini müzakirə etməliyik. Əgər bir deputat açıq danışırsa, xalqın dərdini qaldırırsa, problemləri səsləndirirsə belə insanlara təzyiq yox, stimullaşdırma lazımdır. Əks halda, susan, risk etməyən, heç nəyə toxunmayan məmurlar çoxalacaq”.

“Linç mədəniyyəti inkişaf gətirmir”, deyən MCP rəsmisi, “aşağılamaq güc deyil”, deyə əlavə edib:

“Küyə getmək prinsipiallıq deyil. Bu cür davranışlar adətən öz həyatında uğur qazana bilməyən, başqasının uğurunu isə həzm edə bilməyən insanların mövqeyidir. Hər kəs öz həyatına, öz əməlinə cavabdehdir. Toy toy olaraq qalmalıdır. Siyasət isə siyasət kimi dəyərləndirilməlidir”.

Bir cavab yazın

Back to top button