Xəbərlər

Deputat ETİRAZ etdi – “Qaz təchizatı haqqında” qanun TƏXİRƏ SALINDI

Milli Məclisin iclasında “Qaz təchizatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.comun xəbərinə görə, layihə barədə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.

Müzakirələrdə çıxış edən Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev bildirib ki, layihədə xeyli maraqlı və əhəmiyyətli maddələr var:

“Ümumi götürsək, görünən budur ki, əsasən kasıb təbəqəyə o qədər də təsir etməyəcək. Amma məsələ kasıbçılıq və varlılıqda deyil, qanunun ədalətli olmasındadır. Vətəndaş qaz çəkilişi zamanı mənzilə və evlərə çəkiliş haqqını ödəyir, sayğaca görə də ödəniş edir. Ödəniş də xeyli böyük rəqəmdir. İndi onlar sabit tarif də ödəməlidir”.

R.Nurullayev layihədən narazılığını ardınca bu şəkildə ifadə edib:

“Yəni istəyirsən qazı işlət, ya da işlətmə, aylıq müəyyən edilmiş məbləği ödəməlisən. Bu, mənə ədalətli yanaşma kimi görünmür. Bilmək istəyirəm ki, bu məsələ hansı təcrübədən yaranıb? Biz bu təcrübəni hansı qonşu ölkələrdən əxz etmişik?

Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda və digər yaxın ölkələrdə bu praktika varmı? Bu qanunu tələsik qəbul etməyək, ciddi müzakirə aparaq, istehlakçıların müzakirəsinə çıxaraq”.

Spiker Sahibə Qafarova deputatın fikirlərinə reaksiyasında məsələ ilə bağlı işçi qaydasında müzakirələrin aparılmasını, ehtiyac olarsa, ictimai dinləmələrin keçirilməsini tapşırıb.

O vaxta kimi isə qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarılması təxirə salınır.

Qeyd edək ki, ilk oxunuşda deputatların 7 nəfəri qanun layihəsinin əleyhinə səs verib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu