Deputat beynəlxalq konfransda çıxış edib – Rusiyada

Xəbər verdiyimiz kimi, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Rusiyada rəsmi səfərdədir.
Millət vəkili “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların və blokların fraksiyalararası qarşılıqlı fəaliyyətinin rolu”na`həsr edilmiş beynəlxalq konfransda çıxış edib.
Sosdem.az çıxışı təqdim edir:
“Hörmətli həmkarlar, möhtərəm konfrans iştirakçıları!
Bugünkü toplantımız MDB-nin parlament ölçüsünün malik olduğu zənginliyin və potensialın bir növ mikromodelidir.
Bu gün bu zalda Birliyimizin bütün rəng palitrası təmsil olunur. Mən qədim dövlətçilik ənənələrinə malik Özbəkistandan olan həmkarları, iri siyasi və iqtisadi islahatları uğurla həyata keçirən Qazaxıstanı təmsil edən nümayəndələri görürəm. Burada Şərq müdrikliyinin daşıyıcısı olan Tacikistanın və dinamik inkişaf edən Qırğızıstanın təmsilçiləri iştirak edirlər.
Yanımızda inteqrasiya quruculuğu sahəsində unikal təcrübəyə malik Belarusun və regionlararası dialoqun inkişafında mühüm rol oynayan Moldovanın nümayəndələri də yer alıblar.
Rusiya ilə bizi strateji tərəfdaşlıq münasibətləri və müxtəlif sahələrdə uzun illərə söykənən səmərəli əməkdaşlıq bağlayır. Biz bu gündəliyi yüksək qiymətləndirir və onun, o cümlədən parlamentlərarası kanallar vasitəsilə daha da dərinləşdirilməsi üçün böyük potensial görürük.
Ermənistana gəldikdə isə, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın həlledici görüşü baş tutmuşdur. Görüşün nəticəsi olaraq sülh sazişi layihəsi paraflanmış və bu da normallaşma prosesinin əsas memarı kimi Azərbaycanın rolunu bir daha təsdiq etmişdir.
Biz əminik ki, parlament diplomatiyası, ölkələrimizin deputatları arasında birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhün qurulması, etimadın bərpası və gələcək mehriban qonşuluq münasibətləri üçün mühüm körpüyə çevrilə bilər və çevrilməlidir.
Fraksiyalararası qarşılıqlı fəaliyyət mövzusu son dərəcə aktualdır. Parlamentlərimizin hər birində siyasi spektr zəngindir, lakin məhz ölkədaxili dialoq və kompromislərin axtarışı nəticəsində formalaşan mövqelər sonradan parlamentlərarası əməkdaşlıq meydanına daşınır.
Əminəm ki, parlamentlərimizin fraksiyaları təhlükəsizlik, “yaşıl” iqtisadiyyat, logistika və ya mədəni-humanitar layihələr kimi prioritetlər üzrə ümumi nöqtələr tapdıqda, əməkdaşlığımızın səmərəliliyi dəfələrlə artır.
Mən istəyirəm ki, bu qarşılıqlı fəaliyyət daha sistemli xarakter alsın. Gəlin təkcə dialoq platformaları yaratmaqla kifayətlənməyək, konkret istiqamətlər üzrə fraksiyalar və siyasi partiyalar səviyyəsində birgə işçi qruplar formalaşdıraq. Bu, görüşlərimizə konkretlik və real nəticələr qazandıracaq.
Diqqətinizə görə təşəkkür edirəm”. (Rus dilindən tərcümə)
