Xəbərlər

Daha bir kəndə dəbdəbəli ehsan ləğv olundu – İlk addımı deputat atdı

Masallı rayonunun Hacıtəpə kəndində çox anlamlı bir hadisə baş verdi. Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin təklifi və təşəbbüsü ilə kənddə keçirilən ehsan mərasimi ləğv olundu.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin kömkçisi Ehtiram Mehtiyev deyib.

“Ötən gün partiyamız üçün, bütövlükdə cəmiyyətimiz üçün ağır bir itki yaşadıq. Deputat Razi Nurullayevin köməkçisi, həm də yaxın qohumu olan Murad Alışov gənc yaşlarında amansız xəstəlikdən dünyasını dəyişdi.

Bu kədərli gündə belə, Razi Nurullayev bir daha millətinə olan sevgisini və xalqla birliyini nümayiş etdirdi. O, öz doğmasının yas mərasimində ehsan (yemək məclisi) verilməməsi barədə qərar qəbul etdi və bu təşəbbüsü ilk olaraq özü həyata keçirdi”, – başqan müavini deyib.

Deputat köməkçisi qeyd edib ki, bu addım kənd camaatı, dini icma nümayəndələri və ağsaqqallar tərəfindən yüksək qiymətləndirildi.

“Onlar bildirdilər ki, bu təşəbbüs həm israfın qarşısını alır, həm də yasın mənəvi dəyərini qoruyur.

Eyni zamanda qərara alındı ki, yas mərasimlərində boş söhbətlərə yol verilməsin, bunun əvəzində mərhum haqqında xoş xatirələr paylaşılaraq onun həyat yolundan ibrət götürülsün. Kənd ağsaqqalları bu təşəbbüsü alqışlayaraq qeyd etdilər ki, belə bir humanist addım cəmiyyət üçün nümunə olacaq.

Onlar bildirdilər ki, bu adəti başlatdığı üçün Razi Nurullayevə daim dualar ediləcək, mərhum Murad Alışovun xatirəsi isə hər zaman hörmətlə yad olunacaq,” – MCP rəsmisi deyib.

Bir cavab yazın

Back to top button