Vətəndaşları xaricdə iş adı ilə aldadıb… – Deputat

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun məruzəsini bəyənir və dəstəkləyəcəm. İdarə təklif və müraciətlərə açıq olub və bu da sıx əməkdaşlıq etmək üçün münbit şərait yaradıb.
Məni narahat edən bir məsələni demək istəyirəm. Son zamanlar dələduzlar vətəndaşları xaricdə iş adı ilə Avropa ölkələrinə aparıb onları taleyin ümidinə buraxır və bu məsələdə daha ciddi tədbirlərin görülməsinə və vətəndaşların hüquqlarının qorunmasına ehtiyac var. Onlar müxtəlif vasitələrlə viza əldə edilməsinə kömək edir, yaxud vətəndaş yüksək məbləğ ödəyərək əyri yollarla viza əldə edərək xarici ölkəyə gedir və aldadıldığını görür. Bu problemə qarşı ciddi mübarizə aparmalıyıq.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına həsr edilmiş İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
“Fürsətdən istifadə edərək Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair bir neçə fikrimi bölüşmək istərdim. Çünki hesab edirəm ki, bu qurumun ölkəmizin sabitliyi, vətəndaşlarımızın təhlükəsizliyi və hüquq-mühafizə sistemimizin möhkəmləndirilməsi istiqamətində göstərdiyi əzmkarlıq xüsusi qeyd olunmalıdır.
Daxili İşlər Nazirliyi illərdir ölkəmizdə hüquq qaydasının qorunmasında, ictimai asayişin təminində və cinayətkarlığa qarşı mübarizədə müstəsna rol oynayır. Xüsusilə də son illərdə aparılan islahatlar, şəffaf idarəçilik və rəqəmsallaşma sahəsində atılan addımlar bu qurumun müasir dövrün tələblərinə uyğunlaşdığını aydın şəkildə göstərir”, – partiya başqanı bildirib.

Deputat qeyd edib ki, polis əməkdaşlarımızın gecə-gündüz, istirahət bilmədən, öz sağlamlığını və həyatını riskə ataraq göstərdikləri xidmətlərə görə onlara təşəkkür etməliyik.
“Onların əzmi və vətənpərvərliyi olmasaydı, bugünkü əmin-amanlıq mühiti mümkün olmazdı.
Xüsusilə də şəhər və regionlarda baş verən təbii fəlakətlər və fövqəladə hallar zamanı cəmiyyətlə həmrəylik içində çalışması etimad körpüsünü daha da möhkəmləndirdi.
Əminəm ki, Daxili İşlər Nazirliyi bundan sonra da peşəkarlıq və fədakarlıqla fəaliyyətini davam etdirəcək, qanunun aliliyini təmin etməkdə dövlətimizə və xalqımıza layiqincə xidmət göstərəcəkdir.
Bu münasibətlə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirir, işlərində uğurlar arzulayıram”, – millət vəkili deyib.