Dəhlizdə ABŞ, sərhəddə Rusiya – ŞƏRH

Rusiya o halda Zəngəzur dəhlizinin açılmasına razı idi ki, dəhlizə məhz Moskva nəzarət etsin. Bununla da Rusiya nəinki Ermənistanda mövcudluğunu qoruyur, eyni zamanda Azərbaycana daimi təsirini, nəticə də isə Cənubi Qafqazda hakimliyini təmin etmiş olurdu. Ancaq, Paşinyan hakimiyəti və erməni cəmiyyəti Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə keçməsinə qarşı çıxdı.
Bunu Sosdem.az-a Milli Cəbhə Partriyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspertin sözlərinə görə Rusiya və İranın bu məsələdə sövdələşməsi özünü açıq büruzə verirdi:
“İranın Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətt” bəyanatları, hətta birgə hərbi təlimləri dəhlizin açılmasını 10 noyabr üçtərəfli Moskva bəyannaməsindən kənar razılaşmalardan çəkindirmək məqsədi daşıyırdı. Söz yox ki, əgər Rusiya Zəngəzur dəhlizinə nəzarəti əla ala bilsəydi, İranın “qırmızı xətti” də yoxa çıxacaqdı, baxmayaraq ki, Zəngəzur dəhlizi iqtisadi və dövlət maraqları baxımından Tehranın indiki rejimi üçün uyğun gəlmir.
Belə bir çətin geosiyasi vəziyyətdə Azərbaycanın məsələyə üçüncü tərəfi cəlb etməsi, şahmat taxtasında “at gedişi”nə bənzər çox uğurlu addım oldu. ABŞ-nin Zəngəzur dəhlizinə (Tramp yolu) cəlb edilməsi İran və Rusiyanı ABŞ ilə üz-üzə qoydu.
ABŞ prezidenti Trampın Ukraynada müharibəni bitirmə planı qarşısında Moskvanın dalana dirənməsi, Kremli Zəngəzur dəhlizinə münasibətini dəyişməyə məcbur edib. Belorus prezident Lukaşenkonun Zəngəzur dəhlizi ilə bağlı İranın mövqeyini tənqid etməsi və dəhlizin açılmasını dəstəkləməsi heç şübhəsiz ki, Rusiyanın, Putinin mövqeyidir. İrandan Laricaninin Zəngəzur dəhlizinin “təhlükəli olmaya bilər” açıqlaması da Tehranın geri addımıdır. Bir məsələni də vurğulamaq lazımdır ki, İran sərhədlərinin təhlükəsizliyi deyəndə, Ermənistan tərəfindən sərhəddə rusların durması nəzərdə tutulur. ABŞ şirkətlərinin Zəngəzur dəhlizinə nəzarəti ilə bərabər, rus sərhədçilərinin İranla sərhəddə durması da mümkün görünür”.

Şərhçi bildirib ki, Zəngəzur dəhlizində beynəlxalq yüklərin daşınmasına, yeni lahiyələrə, yeni iqtisadi imkanların açılmasına start verildiyi hiss olunur:
“Türkmənistan milli lideri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, ardınca Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri, eləcə də Azərbaycan – Türkmənistan – Özbəkistan arasında danışıqlar, Azərbaycandan gəmi alışına dair razılaşmalar, Xəzər dənizi üzərindən, yəni Orta dəhlizlə yüklərin daşınması, enerji daşıyıcıların tranziti məsələləri həll edilir. Zəngəzur dəhlizi artıq regional lahiyə deyil, beynəlxalq statusunu ortaya çıxarır. Türkiyə də Zəngəzur dəhlizin fəaliyyətini təmin etmək məqsədi ilə götürdüyü 2.4 milyard kredit dəyərində lahiyəyə start verib. Yeri gəlmişkən, məhz cənab Ərdoğan ilk olaraq dəhlizə nəzarətin ABŞ-yə verilməsini təklif edib”.
MCP rəsmisi qeyd edib ki, Rusiyanın Azərbaycana, ümumiyətlə postsovet məkanına iddiasından əl çəkəcəyinə heç inam yoxdur:
“Keçən ay Putin postsovet ölkələrinə müdaxiləni mümkün edən fərman imzaladı. Bu fərmana görə, hər hansı ölkədə rus dilinə qarşı “təhdid və ya diskriminasiya halları” baş verərsə, Moskva bunu müdaxilə üçün əsas sayacaq. Hərçənd ki, Rusiya onsuz da rusdilli əhalinin müdafiəsi adı altında hələ 1992-ci ildən başlayaraq Moldivaya, Gürcüstana, Ukraynaya hərbi müdaxilə edib. Azərbaycanda da həmin o rusdilli məktəblər rus dilini öyrətmir, rus düşüncəli, mahiyyətcə ruslaşmış azərbaycanlıllar (rusdillilər) yetişdirir. Yəni, Rusiya şovinist və imperialist düşüncəsini dəyişmir əksinə, işğalçılıq, imperialist müdaxiləni qanuniləşdirir”.