Xəbərlər

“Çoxuşaqlı ailə” anlayışı 5-dən 3-ə endirilsin! – Deputatdan TƏKLİF

“Azərbaycanda çoxuşaqlı ailə meyarının dəyişdirilməsi məsələsi keçən ildən başlayaraq geniş şəkildə müzakirə olunur. Milli Məclisin Əmək və sosial siyasət komitəsində də bu mövzuya baxılıb və “çoxuşaqlı ailə” anlayışının 5 uşaqdan 3-4 uşağa endirilməsi ilə bağlı yanaşma komitə tərəfindən məqbul hesab edilərək aidiyyəti dövlət qurumlarına tövsiyə olunub. Mən də bu yanaşma ilə razıyam”.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili bildirib ki, mövcud demoqrafik və sosial vəziyyəti nəzərə alaraq bu məsələyə yenidən baxmaq faydalıdır:

“Bunu müxtəlif çıxışlarımda da demişəm. Amma bu, sadəcə, təklifdir və dövlət səviyyəsində rəsmi qərar qəbul edilməyib. Statistikaya baxanda görürük ki, ailələrin əksəriyyətində uşaqların sayı 1 və ya və 2-dir.

Son siyahıyaalmaya görə, Azərbaycanda 18 yaşadək uşaqları olan təxminən 1 milyon 347 min ailə var. Onların 422 min 989-u bir uşaqlı, 557 min 814-ü iki uşaqlı, təxminən 256 minə yaxını üç uşaqlı ailələrdir. 71 min 151 ailə dörd uşaqlı, 23 min 150 ailə isə beş uşaqlıdır. Daha çox uşaqlı ailələrin sayı isə xeyli azdır, 9332 ailə altı uşaqlı, 6837 ailə isə yeddi və daha çox uşaqlıdır”.

MCP başqanının sözlərinə görə, bu statistika gösətir ki, çoxuşaqlı hesab edilən ailələrin sayı ümumi ailə strukturunda kifayət qədər az pay tutur:

“Ona görə də hesab edirik ki, meyarın 3 və ya 4 uşağa endirilməsi ailələrə sosial dəstəyin genişləndirilməsi və demoqrafik siyasət baxımından daha uyğundur. Amma, təbii ki, hökumət belə bir qərarın qəbul edilməsini sosial və maliyyə imkanlarına bağlayaraq qəbul edir”.

Bir cavab yazın

Back to top button