Xəbərlər

Çinin susması ABŞ-la gizli razılaşmanın göstəricisidir… – Şərh

“İrana qarşı tətbiq edilən iqtisadi dəniz blokadası hərbi hücumlardan daha effektiv nəticə verir və ölkəni daxildən sarsıdır. Hərbi zərbələr İran xalqını və silahlı qüvvələrini hakimiyyət ətrafında birləşdirdiyi halda, dəniz blokadası daxili iqtisadi böhranı və sosial narazılığı dərinləşdirir, hakimiyyəti qruplara bölür və əhalini hökumətə qarşı etirazlara sövq edir”.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.

Politoloq bildirib ki, ABŞ-ın “iqtisadi boğma” taktikası hərbi strategiyadan daha səmərəlidir:

“İranın Hörmüz boğazını qapatmaq təhdidinə cavab olaraq tətbiq edilən dəniz blokadası ABŞ-a hərbi gücünü qorumağa və maddi xərclərini azaltmağa imkan verir. Ən əsası isə, bu blokada ilə İrandan Çinə neft ixracının əhəmiyyətli hissəsini dayandıra biliblər. İqtisadi blokada İranın neft infrastrukturunu tamamilə yararsız və bərpası çox çətin vəziyyətə gətirir. İstehsal olunan neftin ixrac edilməməsi saxlanc imkanlarını tükəndirir, bu isə neft hasilatının dayanması deməkdir. Bu, çox çətin texniki proses olan neft quyularının qapadılmasına, nəticədə İranın gəlirlərinin kəskin azalmasına və neft infrastrukturunun ciddi zədələnməsinə yol açır”.

MCP rəsmisi böyük güclərin – Rusiya və Çinin İrana münasibətdə fərqli mövqelərinə diqqət çəkib:

“İran xarici işlər naziri Araqçinin Rusiyaya səfəri və prezident Putinlə görüşərək təhlükəsizlik zəmanəti alması, özlüyündə İranın nə qədər çıxılmaz vəziyyətdə olduğunun sübutudur. Çünki Rusiya hətta Ukrayna qarşısında öz təhlükəsizliyini təmin etmək iqtidarında deyil, nəinki İranın. Digər tərəfdən, Rusiya Qərblə faktiki bütün körpüləri yandırıb və itirəcəyi yoxdur. Rusiyadan fərqli olaraq, Çinin İrana publik təhlükəsizlik zəmanəti verməkdən yayınması Pekinin ABŞ-la birbaşa konfliktə girməmək istəyinin və müəyyən razılaşmalara getməyə hazırlığının göstəricisidir”.

Analitik proseslərin İran üçün “kapitulyasiya”ya doğru getdiyini vurğulayıb:

“İqtisadi blokada İranda əhalini hökumətə qarşı mitinqlərə sürükləyir və proses faktiki kapitulyasiyanın rəsmiləşdirilməsi mərhələsinə keçib. Tramp administrasiyası Çinə İrandan neft ixracını nəzarətə götürmək, ölkədə rejim dəyişikliyi, ballistik və ən əsası nüvə proqramının dayandırılması məqsədini güdürdü. Artıq İranda hakimiyyət böhranı var, SEPAH faktiki ölkəni idarə edir və nüvə proqramının dayandırılması danışıqlar predmetidir. Praktik siyasi ənənəsinə uyğun olaraq, Çin heç vaxt uduzan tərəfin yanında rəsmi öhdəlik götürmür”.

Bir cavab yazın

Back to top button