Cinayətə meylli şagirdi tərbiyəçi deyil, polis dayandıra bilər… – Ekspert

Orta məktəblərdə baş verən xoşagəlməz hadisələr, bıçaqlaşma halları və şagirdlərin cinayətə meylinin artması məktəb polisinin yaradılmasını zəruri edir. Artıq təkcə tərbiyəçi, psixoloq yaxud valideynin ümidinə qalmaq olmaz. Vəziyyət daha da acınacaqlı duruma gəlmədən güc qurumları prosesə birbaşa müdaxilə etməlidir...
Bu təkliflərlə Milli Cəbhə Partiyasının başqan müavini, dünşünas Tural İrfan Sosdem.az-a açıqlamasında təhsil müəssisələrindəki təhlükəsizlik problemlərini şərh edərkən çıxış edib.
Ekspert bildirib ki, məktəblərdə nizam-intizamın bərpası üçün polisə əlavə səlahiyyətlər verilməlidir:
“Xoşagəlməz hadisələr zamanı məktəb və valideyn təqsiri illərdir bir-birinin üstünə atır, nəticədə təhsilin nüfuzu zədələnir. İnanıram ki, bu vəziyyəti mütləq polis düzəldə bilər. Lazım gələrsə, polis valideyni çağırıb xəbərdarlıq etməli, hüquqi məsuliyyəti izah etməli və övladına nəzarət edəcəyi barədə ondan iltizam almalıdır. Toplumun xarakteri belədir ki, müəllimin nəsihətini qulaqardına vuranlar, polisin zəhmli xəbərdarlığından sonra özünü düzəldir.”
MCP rəsmisinin sözlərinə görə, profilaktik tədbirlər artıq güc dili ilə dəstəklənməlidir:
“Əgər iş tərbiyə və psixoloq söhbətindən ötübsə, demək bu məsələlərlə mütləq güc qurumu məşğul olmalıdır. Məktəb polisi həm şagirdlərin, həm də valideynlərin məsuliyyətini artıracaq. Məqsəd şagirdləri qorxutmaq deyil, cinayətkarlığın məktəb mühitinə sızmasının qarşısını almaqdır. Bu addım atılmasa, məktəblər haqqında yaranan xoşagəlməz obraz daha da dərinləşəcək”.
