Xəbərlər

Cərimələrdən şikayətlə bağlı – Hüquqşünas

Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər.

Milli Cəbhə Partiyasının hüquq şöbəsinin müdiri, hüquqşünas Vüqar Dadaşov bildirib ki, inzibati tənbeh tədbirləri barəsində tərtib edilmiş protokol, akt və qərarlardan şikayət vermək üçün prosesual müddətlər müəyyən edilib:

“Əvvəla, tərtib edilmiş inzibati protokol, akt ən geci 30 gün müddətində, həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. Yəni, əgər 30 gün müddətində qərar qəbul edilməyibsə, həmin akt, protokol qüvvədən düşür.

İnzibati İcraat haqqında Qanunun 64.1- ci maddəsinə əsasən “İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.”

Yəni, barəsində tərtib edilmiş inzibati aktın tərəfə təqdim olunması, məlumatlandırılması qanunun tələbidir.

İnzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində şikayət vermək olar (elmi, təhsil sahəsi ilə bağlı 2 ay, digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər).

Ayrıca olaraq qeyd edək ki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, avtomobil yollarından istifadə qaydalarının pozulması ilə bağlı inzibati qərardan rəsmən təqdim edildiyi gündən 20 gün müddətinə, digər növ inzibati xətalara görə qəbul edilmiş qərarlardan 10 gün müddətinə yuxarı instansiya və ya məhkəməyə şikayət verilə bilər.

Tərəfin narazı qaldığı inzibati aktdan həmin aktı qəbul etmiş inzibati orqanın rəhbərliyinə, subordinasiya baxımından yuxarı inzibati orqana və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum), yaxud məhkəməyə şikayət vermək olar.

Yeri gəlmişkən, inzibati mübahisə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. İnzibati qanunvericiliyə görə bu tələb məcburi mərhələ deyil”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu