Bu qaralama kampaniyasını aparanlar uşaqpulunun əleyhinədir… – MCP rəsmisi

“Milli Cəbhə Partiyası (MCP) sosial-demokratiya ideologiyasına uyğun olaraq uşaqpulunun verilməsini əsas xətt hesab edir. Və bu yöndə ən çox çağırış edən partiya başqanı deputat Razi Nurullayevdir. Millət vəkilinin çıxışlarını kontekstdən çıxararaq əks-təbliğat aparan xaricdən mayalanan şəbəkə və onların təsirindəki şəxslər isə həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyırlar”.
Bu barədə deputat Razi Nurullayevə qarşı sosial şəbəkələrdə başladılan koordinasiyalı qarayaxma kampaniyasına, partiyanın ideoloji prinsiplərinə və ictimai ayıqlıq zərurətinə dair Sosdem.az-a rəsmi açıqlama verərkən MCP başqan müavini Tural İrfan bildirib.
“Bu Kampaniyanı Aparanlar Əslində Uşaqpulunun Əleyhinədir”
Başqan müavini qeyd edib ki, MCP uzun illərdir uşaqpulu ilə bağlı konkret tələblər və təkliflər irəli sürür, partiya başqanı Razi Nurullayev isə bu istiqamətdə müstəsna fəaliyyət göstərir. Lakin deputatın xalq tərəfindən dəstəklənən bu mövqeyi bəzi dairələri narahat edir:
“Millət vəkili Razi Nurullayev çoxsaylı çıxışlarında mütəmadi olaraq uşaqlara qayğının vacibliyini, uşaqpulunun verilməsinin zəruriliyini təkidlə qeyd edir. Lakin buna baxmayaraq, onun müxtəlif çıxışlarını bəzi təxribatçılar təhrif edərək, kontekstdən çıxararaq əks-təbliğat aparırlar. Bu, yolverilməzdir. Həmin qrup demək ki, uşaqpulunun əleyhinədir. Çünki bu məsələnin həllini vacib hesab edən deputata qarşı bu cür kampaniya aparmaq uşaqlara qayğı mövzusunu fərqli və zərərli istiqamətə yönəltmək deməkdir”.

“Xaricdən Mayalanan Qruplar Xalqın Xeyrinə Danışanları Hədəf Alır”
MCP rəsmisi partiyanın əsas hədəfinin əhalinin sosial rifahı olduğunu bildirərək, sosial şəbəkələrdə manipulyasiya edən qüvvələrin əsl simasını açıb və cəmiyyəti ayıq-sayıq olmağa çağırıb:
“Milli Cəbhə Partiyasının ideoloji xətti sosial-demokratiyadır və biz əsasən əhalinin sosial problemlərinin həllini, xalqın rifahını, uşaqpulunun verilməsini istəyirik. Bu yöndə ən çox səy göstərən, çağırışlar edən deputat məhz Razi Nurullayev olmuşdur. Belə olduğu halda, müəyyən təxribatçı adamların sosial şəbəkə imkanlarından sui-istifadə edərək deputatın mövqeyini təhrif etməsi sözsüz ki, həm hüquqi, həm də mənəvi məsuliyyət yaradır. Son zamanlar xaricdən mayalanan bir qrup şəxsin təsirinə düşmüş bəzi qüvvələr xalqın xeyrinə danışan deputatları hədəfə alır, onların adına demədikləri sözləri yapışdırmağa çalışırlar. Odur ki, cəmiyyəti bu yöndə ayıq olmağa, haqqı nahaqqa verməməyə çağırırıq”.