Bu, provokasiya, süni etiraz yaratmaq cəhdidir – Başqan müavini

Tiktoker jurnalist Səidə xanım bir məcburi köçkünlə bağlı məsələyə görə artıq bir neçə gündür ki, sanki bütövlükdə 30 ildən artıq Qarabağdan didərgin düşmüş insanlara nifrət püskürür. Bu, nə yanaşmadır? Bir nəfərin səhvini bütün bir rayona, bütöv bir topluma şamil etmək ədalətsizlikdir! Baxış sayı qazanmaq naminə bütöv bir kütləni hədəfə almaq nə xanıma, nə də jurnalist adına yaraşmaz. Bu, sadəcə provokasiya və süni etiraz dalğası yaratmaq cəhdidir.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev sosial şəbəkədə yazıb.
Deputat köməkçisi qeyd edib ki, o insanlar keflərindən ev-eşiklərini atıb qaçqın düşməyiblər, müharibənin qurbanı olublar:
“Unutmayaq ki, məcburi köçkünlər də bizim öz qanımızdan, canımızdan olan insanlardır. Kəlbəcərdə, Laçında, Qubadlıda, Ağdamda, Şuşada, Cəbrayılda, Füzulidə onların da isti ocaqları, doğma yurdları olub. Onların hamısı zəbt olunmuş evlərdə yaşamayıb, minlərlə ailə illərlə çadırlarda, vaqonlarda yarı tox, yarı ac ömür sürüb.
Bu, təkcə müharibənin deyil, həm də təbii fəlakətlərin gətirdiyi bir taledir. Necə ki, vaxtilə Şamaxı zəlzələsində neçə-neçə ailə yurd-yuvasından didərgin düşmüşdü. Demək ki, belə bir sınaq heç kimdən yan keçmir, hər kəsin başına gələ bilər”.

MCP rəsmisi vurğulayıb ki, o torpaqları azad edərkən məhz həmin bölgələrin igid oğulları da vətən uğrunda döyüşüb, şəhidlik zirvəsinə ucalıblar:
“Dövlətimiz isə bu gün “Böyük Qayıdış” proqramı ilə məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin edir. Bu proses mərhələli şəkildə və uğurla həyata keçirilir. Məcburi köçkünlər də öz ev-eşiklərinə dönməli və Qarabağın inkişafında fəal iştirak etməlidir.
Zəbt olunmuş evlərin boşaldılması məsələsinə gəlincə, bəli, bu addım çoxdan atılmalı idi və vaxtında düzgün həll olunmalıydı. Amma bir nəfərin və ya bir neçə nəfərin yanlış davranışına görə bütöv Qarabağ camaatını qınaq obyektinə çevirmək ən böyük haqsızlıqdır.
Qubadlı bir qadın və baldızından ibarət deyil! Qubadlı Əlyar Əliyevin, Şükür Həmidovun, Bərxudarovun və onlarla qəhrəman övladımızın vətənidir. Onların ruhu qarşısında belə qərəzli, haqsız yanaşmalar ayıbdır, ədalətsizlikdir”.