“Bu, müxalifətçilik yox, radikal ixtişaşçılıqdır” – MCP rəsmisi

“Vaşinqtonda dövlət başçısının təhlükəsizliyinə yönəlmiş hər hansı fiziki müdaxilə cəhdi siyasi mövqe deyil, bu, açıq təhlükəsizlik təhdididir. Waldorf Astoria mehmanxanasının qarşısında törədilən hərəkətlər nə ifadə azadlığıdır, nə də müxalifətçilik – bu, radikal ixtişaşçılıqdır”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.
MCP rəsmisi Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri zamanı radikal qrupların törətdiyi təxribatları qətiyyətlə pisləyərək vurğulayıb ki, siyasi mübarizə etik və hüquqi çərçivədən kənara çıxmamalıdır:
“Müxalifətçilik siyasi alternativ təqdim etmək, sivil üsullarla mübarizə aparmaqdır. Dövlətin rəhbərinə qarşı fiziki təhdid isə qanunazidd və məsuliyyətsiz davranışdır. Xüsusilə beynəlxalq tədbir çərçivəsində, ev sahibi ölkənin təhlükəsizlik perimetri daxilində belə təxribatlar törətmək Azərbaycanın imicinə zərbə vurmaqdan başqa heç nəyə xidmət etmir. Tarix göstərir ki, bu cür radikal üsullar heç zaman nəticə verməyib.”
Başqan müavini milli maraqların hər bir vətəndaş üçün “qırmızı xətt” olduğunu qeyd edib:
“Azərbaycan dövləti və onun rəhbərliyi beynəlxalq platformalarda ölkəmizi təmsil edərkən, hər bir vətəndaş fərqli mövqedə olsa belə, milli maraqları şəxsi ambisiyalardan üstün tutmalıdır. Bir siyasi partiya olaraq biz bu cür təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik. Siyasi mübarizə yalnız hüquqi çərçivədə, sivil və mədəni üsullarla aparılmalıdır. Dövlətimizin təhlükəsizliyinə yönələn istənilən addım qəbuledilməzdir.”

Sonda deputat köməkçisi Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun belə hərəkətlərlə zəifləməyəcəyini vurğulayıb:
“Azərbaycanın artan gücü və beynəlxalq mövqeyi bu cür ucuz təxribatlarla sarsıla bilməz. Dövlətçilik məsuliyyəti hər kəs üçün əsas meyar olmalıdır. Ölkəmizin diplomatik uğurlarına xələl gətirmək cəhdləri növbəti dəfə iflasa uğradı.”