Bu, mülki vətəndaşlara qarşı terror cəhdidir… – Deputat

“İran tərəfindən Naxçıvan Muxtar Respublikasının hava limanına qarşı həyata keçirilən dron hücumu son dərəcə təhlükəli və qətiyyətlə pislənilməli olan bir addımdır. Müharibədə tərəf olmayan qonşu dövlətin mülki infrastrukturunu hədəfə almaq həm hərbi-siyasi, həm də humanitar baxımdan qəbuledilməzdir”.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, bu cür təxribatlar regionda onsuz da həssas olan təhlükəsizlik mühitini daha da gərginləşdirir:
“Azərbaycanın hər zaman mehriban qonşuluq prinsiplərinə sadiqdir. Azərbaycan dövləti bütün dövrlərdə məsuliyyətli və balanslı siyasət yürüdüb. Ölkəmizin ərazisi heç vaxt İrana və ya başqa bir dövlətə qarşı istifadə olunmayıb. Əksinə, Bakı həmişə regionda sabitliyin tərəfdarı kimi çıxış edib. Belə bir şəraitdə mülki hava limanına hücum edilməsi həm təəssüf, həm də böyük qəzəb doğurur.”
Cənubi Azərbaycan faktoru: “Soydaşlarımızın hissləri ilə oynamayın”
MCP başqanı hücumun İran daxilindəki etnik azərbaycanlılar arasında böyük narazılıq yaradacağına diqqət çəkib:
“İran ərazisində, xüsusilə Cənubi Azərbaycanda milyonlarla soydaşımız yaşayır. Naxçıvana qarşı edilən bu hücum onların milli hisslərinə və kimliyinə birbaşa toxunur. Uzun illərdir dil və mədəniyyət hüquqları ilə bağlı narahatlıqları olan soydaşlarımız, bu cür hadisələrdən sonra öz hüquqlarını daha qəti şəkildə tələb etmək ehtiyacı duyacaqlar. Xalqların kimliyinə hörmət edilməməsi dövlətlərin daxili sabitliyi üçün ən böyük riskdir.”

“Regional sabitlik qarşılıqlı hörmətdən keçir”
Deputat vurğulayıb ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini qorumağa qadirdir:
“Müharibəyə cəlb olunmayan qonşu dövlətə hücum nə təhlükəsizliyə, nə də regional əməkdaşlığa xidmət edir. Sabitlik yalnız beynəlxalq hüquqa və dinc yanaşmaya əsaslanan siyasətlə mümkündür. Azərbaycan dövləti öz vətəndaşlarını qorumaqla yanaşı, sülhün tərəfdarı kimi prinsipial mövqe nümayiş etdirməyə davam edəcək.”