Bu açıqlama Bakıdan əliboş qayıdan Tehranın hədəsidir… – Ekspert

“Donald Tramp administrasiyası Çinlə qlobal rəqabətdə enerji amilindən istifadə etmək məqsədilə müvəqqəti olaraq Tehrana ‘qalib görüntüsü’ verməyə razılaşıb; Tehran rəsmi Bakıdan Zəngəzur (TRIPP) layihəsi ilə bağlı əliboş qayıtdığı üçün deputat Qəzənfərinin dili ilə Azərbaycana qarşı informasiya təhdidlərinə əl atır”.
Bunu ABŞ-İsrail-İran hərbi qarşıdurmasının pərdəarxası məqamlarını, Hörmüz boğazı üzərində qurulan gizli neft sövdələşmələrini, İran parlamentinin sədri Qalibafın və vitse-prezident Məhəmməd Rzanın Bakı ilə İrəvana analitik səfərlərini Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“İsrail Nüvə Proqramını, ABŞ isə Çinə Gedən İran Neftini Hədəf Almışdı”
Analitik İsrail və ABŞ-ın İrana qarşı apardığı hərbi əməliyyatlarda hədəflərin kökündən fərqləndiyini diqqətə çatdırıb:
“İsrail və ABŞ-ın İrana qarşı müharibəsində məqsədlər fərqli idi. İsrailin əsas hədəfi İranın nüvə proqramını məhdudlaşdırmaq, proksi qüvvələrini zəiflətmək və regiondakı təsirini azaltmaq idisə, ABŞ bunu rəsmi səbəb kimi göstərsə də, əsl məqsədi dünya enerji təchizatını, xüsusən də ABŞ–Çin geosiyasi rəqabəti fonunda Çinin İran neftindən asılılığını nəzarətə götürmək idi. ABŞ hərbi üstünlük qazansa da, İran rejimini qorudu, körfəz ölkələri üzərində hərbi hegemonluğunu təsdiqlədi, Hörmüz boğazına hərbi nəzarət qazandı. İran da siyasi-psixoloji və diplomatik baxımdan məğlub olmadı. Bu isə Vaşinqtonla Tehran arasında müəyyən pərdəarxası razılaşmaların mövcudluğunu göstərir. Belə çıxır ki, memorandumun əsas mahiyyəti İran neftinin ixracı və Hörmüz boğazı ilə bağlı qarşılıqlı anlaşmadan ibarətdir. Hazırkı memorandum formasında mövcud olan İran–ABŞ status-kvosu hər iki tərəfin qısamüddətli maraqlarına cavab versə də, bu razılaşma regional təhlükə mənbəyi olan İranın müəyyən qədər güclənməsinə şərait yaradır və region üçün yeni risklər formalaşdırır”.
“Deputat Qəzənfərinin “Azərbaycan Vurulacaqdı” Açıqlaması Bakıdan Əliboş Qayıdan Qalibafın Təhdididir”
Politoloq Tehranın son diplomatik gedişlərinin və Azərbaycana yönələn informasiya hücumlarının birbaşa Zəngəzur dəhlizi layihəsi ilə bağlı olduğunu vurğulayıb:
“Memorandumdan sonra İran parlamentinin sədri Qalibafın Azərbaycana, ardınca İran vitse-prezidenti Məhəmməd Rzanın isə Ermənistana səfərlərinin qlobal təhlili bu gedişlərin TRIPP (Zəngəzur dəhlizi) layihəsi ilə bağlı olduğunu göstərir. İran Zəngəzur istiqamətində formalaşan nəqliyyat-kommunikasiya xəttini və Türk dünyasını birləşdirəcək Orta Dəhlizi özünün strateji maraqlarına birbaşa təhlükə hesab edir və buna qarşı Araz marşrutunu alternativ kimi təqdim edir. Qalibaf və Rzanın səfərləri bu layihənin qarşısının alınmasına yönəlmiş diplomatik cəhdlər olsa da, uğursuzluğu göz qabağındadır. Məhz həmin səfərlərdən sonra İran parlamentinin Tehrandan olan deputatı Kamran Qəzənfərinin “Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu” açıqlaması Qalibafın TRIPP-la bağlı rəsmi Bakıdan əliboş qayıtması ilə bağlı növbəti informasiya təhdididir”.

“Moskva və Tehranın TRIPP-a Qarşı Birgə Müqaviməti Qaçılmazdır, Lakin Cənubi Azərbaycan Faktoru İrana Sədd Çəkir”
MCP rəsmisi Rusiya-İran ittifaqının Cənubi Qafqaz planlarını təhlil edərək, Bakıya qarşı real hərbi müdaxilənin qeyri-mümkünlüyünü konkret faktorlarla əsaslandırıb:
“İran və Rusiya TRIPP-a qarşı vahid cəbhədədir. Ukraynada strateji uğursuzluğa düçar olan və parçalanma riski daşıyan Rusiya imperiya statusunu qorumaq üçün Cənubi Qafqazdan daha möhkəm yapışmağa məcburdur. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı son imperiya qalasıdır. Buna görə də Moskva və Tehranın Zəngəzur dəhlizinə qarşı birgə müqaviməti qaçılmazdır. İranın Azərbaycana qarşı informasiya təxribatları və psixoloji təzyiq cəhdləri gələcəkdə də mümkündür. Lakin İranın Azərbaycana qarşı real hərbi əməliyyat keçirmək imkanı hərbi-siyasi və ictimai-psixoloji baxımdan tamamilə qeyri-mümkündür. Buradakı ən əsas maneə sarsılmaz Cənubi Azərbaycan faktorudur ki, hər hansı bir avantüra İranın daxildən parçalanmasına qədər gətirib çıxara biləcək ağır nəticələr verər. Donald Tramp administrasiyası hazırda diqqətini Çinlə rəqabətə yönəltdiyi üçün Yaxın Şərqdə uzunmüddətli siyasi nəticələri ikinci plana keçirir və razılaşma ancaq onun dövrünü əhatə edə bilər. Tramp hakimiyyətindən sonrakı mərhələdə region daha genişmiqyaslı qarşıdurmalar və yeni müharibələr təhlükəsi ilə üz-üzə qala bilər”.