Xəbərlər

Boşanmaların səbəbi alimentdir? – Deputatdan CAVAB

“İctimai müzakirələrdə bəzi xanımların yalnız aliment almaq məqsədilə boşandıqları barədə fikirlər səslənir. Lakin bu arqumentin cəmiyyətin ümumi mənzərəsini əks etdirdiyini demək doğru olmaz”.

Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə pasrtiyasının başqanı, deputat Razi Nurullayev deyib

Millət vəkili qeyd edib ki, boşanmaları alimentə əlaqələndirmək ailə institutunun real problemlərini kölgədə qoyur:

“Hər bir cəmiyyətdə istisna hallar mümkündür və fərdi hallarda belə motivlərin olması istisna edilmir. Ancaq bu nümunələri ümumiləşdirərək bütün boşanmaları alimentlə izah etmək reallığa uyğun deyil və ailə institutunun real problemlərini kölgədə qoyur”.

Parlamentari qeyd edib ki, aliment mexanizmi ilk növbədə sosial müdafiə alətidir:

“Aliment mexanizmi ilk növbədə sosial müdafiə alətidir. Bu institut ailə həyatında çətinliklərlə üzləşmiş, zorakılıq görmüş və ya müxtəlif sosial səbəblərlə ailə münasibətlərindən çıxmaq məcburiyyətində qalmış qadınlar və ən əsası uşaqlar üçün müəyyən təminat yaradır. Aliment yalnız qadına deyil, ailədə böyüyən uşağın hüquqlarının qorunmasına xidmət edən hüquqi mexanizmdir.

Boşanmaların səbəbləri isə çoxşaxəlidir: ailədaxili münasibətlər, sosial-iqtisadi problemlər, psixoloji uyğunsuzluq və digər amillər. Ona görə də məsələni yalnız alimentlə əlaqələndirmək düzgün yanaşma sayıla bilməz. Eyni zamanda, alimentin mövcudluğu bəzi qadınlara müəyyən seçim imkanı və güvənlik hissi verir”.

MCP başqanı bildirib ki, ailə dağılanda məsuliyyət yalnız bir tərəfin üzərinə qoyulmamalıdır:

“Ailə dağılanda məsuliyyət yalnız bir tərəfin üzərinə qoyulmamalıdır. Bir çox hallarda kişilər boşanmadan sonra həm maddi öhdəliklərini yerinə yetirməyə, həm də övladları ilə münasibətlərini qorumağa çalışırlar. Təəssüf ki, bəzən ataların uşaqlarla ünsiyyət imkanlarının məhdudlaşması da sosial problemə çevrilir.

Bu səbəbdən məsələyə qütbləşdirici deyil, balanslı və ədalətli yanaşmaq vacibdir. Həm kişilərin narahatlıqları nəzərə alınmalı, həm də çətin vəziyyətdə qalan qadınların və uşaqların sosial müdafiəsi təmin edilməlidir. Əsas məqsəd ailə institutunu qorumaq və sağlam münasibətləri təşviq etmək olmalıdır”.

Bir cavab yazın

Back to top button