Xəbərlər

BMT qətnamələrini Azərbaycan öz gücü ilə icra etdi… – Deputat

Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır və müstəqil xarici siyasəti ilə regionda təhlükəsizlik sistemini möhkəmləndirir. Ölkəmiz dövlətlərarası münasibətlərdə ikili standartlara və seçici yanaşmalara qarşı hər zaman prinsipial mövqe nümayiş etdirir.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Prezident İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki proqram xarakterli çıxışını şərh edərkən bildirib.

“BMT qətnamələri kağız üzərində qaldı”

Millət vəkili beynəlxalq təşkilatların fəaliyyətsizliyinə və Ermənistanın cinayətkar siyasətinə diqqət çəkib:

“Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri davamlı olaraq ikili standartlarla üzləşib. Torpaqlarımızın 20 faizi 30 il ərzində Ermənistanın işğalı altında qalmış, 1 milyon soydaşımız etnik təmizləməyə məruz qalmışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 30 il kağız üzərində saxlanıldı, ATƏT-in Minsk qrupu isə prosesi inhisara alaraq işğalın əbədiləşdirilməsi ilə məşğul oldu. Avropa Parlamenti və Avropa Şurası kimi qurumlar isə təcavüzkarı cəzalandırmaq əvəzinə təcavüzə məruz qalan Azərbaycanı hədəfə alırdı”.

“Suverenlik tam bərpa olundu”

MCP başqanı Azərbaycan əsgərinin gücü ilə separatizmə son qoyulduğunu və müharibə cinayətkarlarının ədalət mühakiməsinə cəlb edildiyini vurğulayıb:

“Ermənistanın rəhbərliyi və havadarları Azərbaycanın öz suverenliyini güc yolu ilə bərpa edəcəyini gözləmirdilər. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə 300-dən çox şəhər və kəndimiz azad edildi, 2023-cü ilin sentyabrında keçirilən 24 saatlıq antiterror tədbirləri ilə isə separatizmə tamamilə son qoyuldu. Bakını tanklarla işğal edəcəyi ilə hədələyən müharibə cinayətkarları və uşaq qatilləri bu gün Azərbaycan məhkəmələri qarşısında cavab verirlər, onların tankları isə Hərbi Qənimətlər Parkındadır. Bu, Nürnberq tribunalının analoqu olan tarixi zəfərdir”.

“Azərbaycan qisas almadı və sülh təklif etdi”

Parlamentari Azərbaycan xalqının mənəvi ucalığını və AQEM-ə sədrliyin uğurlarını önə çəkərək fikirlərini yekunlaşdırıb:

“Müharibə bizim seçimimiz olmayıb, bizi buna Ermənistan və onun havadarları məcbur edib. Lakin xalqımız böyüklük nümayiş etdirərək döyüş meydanında qisasını aldı və məğlub tərəfə sülh təklif etdi. Azərbaycan AQEM-ə iki illik sədrliyi dövründə də təşkilatın institusional güclənməsinə, nəqliyyat, rəqəmsallaşma, təhsil və ətraf mühit sahələrində inteqrasiyanın dərinləşməsinə müstəsna töhfələr verib. Bu gün Azərbaycan regionda dayanıqlı sülhün və Avrasiya təhlükəsizliyinin əsas təminatçısıdır”.

Bir cavab yazın

Back to top button