Bayram gəlir, amma əməkhaqqı bu yükü daşımır… – Ekspert

“Vətəndaşın aldığı minimum əməkhaqqı mart ayındakı ‘bayram marafonu’nun iqtisadi yükünü daşımağa qadir deyil. İnsanlar Novruz xonçası, 8 Mart təbriki, Ramazan süfrəsi arasında ağır seçim qarşısında qalıblar”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının Salyan təşkilatının sədri Ruslan Məmmədov deyib. O, bölgələrdəki real sosial mənzərəni təhlil edərək, rəsmi statistika ilə bazar qiymətləri arasındakı uçuruma diqqət çəkib.
Təşkilat sədri qeyd edib ki, bayram günlərində uşaqların sevinci valideynlərin iqtisadi sıxıntıları kölgəsində qalır:
“Uşaq pulu məsələsi ölkənin ən yaralı yeridir. Partiyamızın başqanı Razi Nurullayev bu məsələni dəfələrlə parlamentdə qaldırıb. Təəssüf ki, hələ də uşaqlarımız bayram süfrələrində öz haqlarını tam tapmayıblar. Sosial ödənişlərin bərpası artıq seçim deyil, ailələrin bayramı bayram kimi qeyd etməsi üçün mütləq zərurətdir.”
Salyandakı mədəniyyət ocaqlarının fəaliyyətinə toxunan ekspert, kəndlərdə yaşayan uşaqların mərkəzə gələ bilməməsini ciddi nöqsan kimi qiymətləndirib:
“Salyanda Kukla Teatrımız var, lakin kənd uşaqları maddi imkansızlıqdan ora gətirilmir. Biz xeyriyyəçiləri, iş adamlarını bu prosesə cəlb edərək ödənişsiz konsertlər və tamaşalar təşkil etməliyik. Mədəniyyət ocaqlarının qapısı uşaqlarımızın üzünə sənəd üzərindən yox, real həyatda sonuna qədər açıq olmalıdır.”
Sədrin fikrincə, uşaqların mədəni tədbirlərə cəlbi hətta “məcburi” xarakter daşımalıdır:
“Mədəniyyət uşağın ruhunu formalaşdıran əsas amildir. Əgər gələcəyə kamil insan yetişdirmək istəyiriksə, körpələrin mədəniyyət ocaqlarında daha çox vaxt keçirməsini təmin etməliyik. İqtisadi çətinliklər uşağın mənəvi inkişafına mane olmamalıdır. Bu, onların haqqıdır və dövlət bu şəraiti hər bir uşaq üçün bərabər yaratmalıdır.”