Xalqın bayram aşına palçıq qatdılar… – Tural İrfan yazır
Adətən toy, nişan ərəfəsində xeyir iş sahibinin başına bədbəxt hadisə gələndə onu müvəqqəti gizlədirdilər ki, qoy toyu vaya dönməsin.
Namərd düşmən isə mərd düşməndən ən sevincli günündə qisas alırdı. Hətta öz toyu günü zəhər verilib öldürülən, güllələnən mərd oğullar olub.
Qaçaq Kərəmin bibisi Zal qızı Gülnazın qardaşı, yəni Kərəmin atası İsgəndərin İsrafil ağayla düşmənçilikləri düşüb. Ələs adlı oğlunun toyunda İsrafil ağanın adamları Ələsi tikə-tikə doğrayıb, arabaya qoyub, toy yerinə göndəriblər. Zal qızı Gülnaz deyib ki, düşməni güldürə bilmərəm, toy davam etməlidir. Cənazəni gizlicə mağarın arxa tərəfində qoyub toya davam ediblər. Hətta Zal qızı toyda oynayıb da… Toy dağılandan sonra sabahı isə vay məclisi qurulub…
Kommunal qiymətlərin bahalaşmasını Yeni İl bayramının ikinci günü elan etmək bu kimi adətlərə uyğundur. Çünki istənilən qiymət artımı, bahalıq xəbəri kasıb əhalinin qara bayramıdır. Belə xəbərlər eşidiləndə hamı əsəbi, gərgin, bezmiş, sınmış olur, qəmə, kədərə bürünür.
Heç olmasa bir neçə gün də gözləmək olardı bu qara xəbəri elan etmək üçün. Onsuz da hələ iş günü başlamayıb, bayram tətilidir rəsmən. Heç olmasa Yeni İl sevinci, xəyallar, ümidlər bircə həftə çəkəydi kaş…
Camaatın bayram aşına palçıq qatmaq xalqımızın qədim ənənələrinə də ziddir axı…
Tural İrfan – Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı