Başqan müavini uşaq sığınacağını ziyarət edib – Dəstək aksiyası

Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı-yazar Tural İrfan Uşaq Sığınacağını ziyarət edib.
“Bu gün xeyriyyəçilik təşəbbüskarlığı, bu yöndəki təşkilatçılıq fəallığı ilə seçilən vətənpərvər xanımlar Ləman Musayeva və Fatimə İbrahimovanın öncüllüyü ilə hörmətli Kəmalə Ağazadənin rəhbərlik etdiyi Uşaq Sığınacağında olduq. Abşeron rayonu, Masazır kənd 4 saylı orta məktəbin müəllimi Pəri İsgəndərova, “Kitablarla İnkişaf edək” layihəsinin üzvü Tovus Tağılı ilə birlikdə dəstək aksiyasında iştirak etdik. Öz əl əməyi ilə Gülşən Ağazadə də qatqıda bulundu”, – yazar bildirib.
Başqan müavini müxtəlif ailə problemləri üzündən sığınacaqda yerləşmiş uşaqlara həddən artıq diqqət və qayğının şahidi olduğunu bildirib:
“Rəhbərlik, tərbiyəçilər, nəzarətçilərin uşaqları öz övladları kimi qoruduğunun, qayğısına qaldığının şahidi olduq. Qida dəstəyi ilə yanaşı uşaqlara əlavə oxu üçün kitablar da hədiyyə edildi. Valideyn himayəsindən məhrum uşaqlara maddi, mənəvi dəstəklə yanaşı mənəvi qida olaraq motivasiya xarakterli söhbətlər etdik, ruhlandırdıq. Bədbinliyə qapılmamalarını tövsiyyə etdik. Çətinliklərin insanı daha da möhkəmləndirdiyini vurğuladıq. Sığınacağın rəhbərliyi, əməkdaşları müxtəlif travmalar, problemlər yaşamış uşaqları çox həssaslıqla, diqqətlə himayə edirdilər.
Uşaqları sevindirməyimizə şərait yaratdığına görə sığınacağın rəhbərliyinə və bu dəstək aksiyasının təşkilatçıları Ləman Musayeva, Fatimə İbrahimovaya və dəstək verən hər kəsə təşəkkür edirəm”, – dünşünas deyib.

