Xəbərlər

“Başkənd Azərbaycanın tarixi torpağıdır…” – Politoloq

“Ermənistanın nəzarətində olan anklavlarımız birmənalı şəkildə Azərbaycana qaytarılmalıdır; Paşinyanın son bəyanatları isə anklavlar mövzusunun delimitasiya və demarkasiya masasında həll olunacağına işarə edir”.

Bunu Ermənistan və Azərbaycan arasındakı sərhəd delimitasiyası prosesini, Gədəbəyin Başkənd (Artsvaşen) kəndi ətrafındakı tarixi reallıqları və işğal altındakı digər anklav kəndlərin gələcək taleyini Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

“Başkənd Azərbaycanın Ərazisidir”

Ekspert Ermənistan rəhbərliyinin anklavlarla bağlı son siyasi gedişlərini və Başkənd ətrafında formalaşan hüquqi-tarixi vəziyyəti təhlil edib:

“Ermənistan baş nazirinin açıqlaması anklav kəndləri məsələsinin sərhədlərin delimitasiya və demarkasiyası prosesində müzakirə ediləcəyinə işarə edir. Ermənistan tərəfi Gədəbəy rayonu ərazisində yerləşən Başkənd (Artsvaşen) kəndinin Ermənistanın anklavı olduğunu vurğulayır. Lakin bu kənd Azərbaycanın tarixi torpağı və beynəlxalq səviyyədə tanınmış ərazisidir.

Başkənd SSRİ dövründə Ermənistana verilib. Digər tərəfdən, Ermənistanın nəzarətində olan Azərbaycan anklavları isə Qərbi Azərbaycan kəndləridir və birmənalı şəkildə Azərbaycana qaytarılmalıdır. Başkəndin Azərbaycanda qalması ehtimalı çox yüksəkdir. Bununla yanaşı, sərhəd xəttinin mürəkkəbliyini nəzərə alaraq, gələcəkdə anklavlarla bağlı qarşılıqlı mübadilə variantı da masa üzərindədir və bu ssenari tamamilə istisna deyil”.

“Siyasi Dialoq Yolu İlə Həll Olunmasında Maraqlıdır”

MCP rəsmisi sərhəd tənzimlənməsi prosesinin hərbi gərginlik olmadan başa çatması üçün siyasi iradənin həlledici rol oynadığını vurğulayıb:

“Tərəflər siyasi iradə nümayiş etdirərək ortaq məxrəcə gələ bilsələr, anklav məsələsi mübahisə predmeti olaraq qalmayacaq və delimitasiya-demarkasiya prosesinin yekununda müsbət həllini tapacaq.

İstənilən halda, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi bu məsələnin yeni bir qarşıdurma yaratmadan, birbaşa siyasi dialoq yolu ilə həll olunmasında maraqlıdır. Düşünürəm ki, danışıqlar masasında aparılan müzakirələrin yekununda hər iki tərəf regional sabitliyə xidmət edən ortaq məxrəcə gəlməyi bacaracaq”.

Bir cavab yazın

Back to top button