Banklar müştərini əsir götürüb, ömürlük qul edir… – Hüquqşünas

Ölkədə iqtisadi mexanizm vahid bir orqanizm quruluşundan kənardır və sahələr bir-birini tamamlamır. Sahibkarlıq inzibati və hüquqi təzyiqlər səbəbindən daimi model prinsipindən çıxaraq, fürsətçi və talançılıq xarakteri alıb. Hətta dövlətə məxsus ‘Azərişıq’, ‘Azərqaz’ və Su Agentliyi kimi qurumlar belə açıq talançılıqla məşğuldur...
Bu kəskin fikirləri Milli Cəbhə Partiyasının başqan müavini, hüquqşünas Vüqar Dadaşov Sosdem.az-a açıqlamasında ölkədəki iqtisadi idarəetmənin qüsurlarını və süni inhisarçılığı şərh edərkən deyib.
MCP rəsmisi bildirib ki, mobil rabitədən bank sektoruna qədər hər yerdə vətəndaşın maraqları zərbə altındadır:
“Mobil operatorlar kütləvi sövdələşməyə gedib istədikləri tarifləri tətbiq edir. Bir xarici mobil operatorun ölkəyə buraxılmaması inhisarçılığın ən bariz nümunəsidir. Bank kredit faizləri müştərini müflisləşdirir, insanları ömürlük ‘borc qulu’na çevirir. ‘Azparkinq’ isə faktiki olaraq Bakının küçələrini işğal edib vətəndaşdan ‘təzminat’ toplamaqla məşğuldur.”
Ekspert xüsusilə kənd təsərrüfatındakı sabotaj xarakterli müdaxilələrə diqqət çəkib:
“Sifarişli məmur müdaxiləsi iqtisadi düsturu tamamilə pozub. Xaricdən (Monqolustan, Kanada, Braziliya) ət idxalını reallaşdırmaq üçün daxili təsərrüfatları ‘qabaq’ xəstəliyi adı ilə məhv etdilər. Kənd Təsərrüfatı Nazirliyində mütəxəssis yoxluğu ayrı bir dərddir. Bu cinayətkar qərar üzündən kəndli torpaqdan ayrılıb şəhərlərə üz tutdu, mal-qaranın sayı kəskin azaldı. Bir ‘qabaq’ bəhanəsi ilə ölkəni ət məhsullarında xarici asılılığa saldılar. Kəndlər boşalır, şəhərlər isə həddindən artıq sıxılır.”

Sonda hüquqşünas kadr siyasəti və cəzasızlıq mühitini tənqid edib:
“Etimada etinasızlıq, məsuliyyətsizlik və kadr uyğunsuzluğu iqtisadiyyatı uçuruma aparır. Bu sistemli problemlər həll olunmadıqca, real inkişafdan danışmaq mümkün deyil”.