Bakı və Kiyev bir-birinin ərazi bütövlüyünün sarsılmaz dəstəkçisidir… – Deputat

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatları ölkələrimiz arasındakı münasibətlərin nə qədər dərin, səmimi və strateji xarakter daşıdığını bir daha bütün dünyaya nümayiş etdirdi. Xüsusilə ərazi bütövlüyü və suverenliyin qarşılıqlı dəstəklənməsi hər iki dövlət üçün sarsılmaz bir prinsipdir…
Bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Sosdem.az-a açıqlamasında Azərbaycan-Ukrayna münasibətlərinin perspektivlərini şərh edərkən deyib.
Millət vəkili iki ölkə arasındakı əlaqələrin strateji sütunlarını belə xarakterizə edib:
“Azərbaycan və Ukrayna beynəlxalq platformalarda hər zaman bir-birinin sərhəd toxunulmazlığını dəstəkləyib. 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu gün də əlaqələrimizin hüquqi və siyasi onurğasını təşkil edir. Prezidentlər səviyyəsində son dörd ildə yeddi görüşün keçirilməsi bu münasibətlərin nə qədər dinamik və etibarlı olduğunun göstəricisidir.”

MCP başqanı energetika və hərbi sənaye sahəsindəki yeniliklərə də toxunub:
“SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti iqtisadi əlaqələrimizin simvoludur. Lakin biz təkcə energetika ilə kifayətlənmirik; ticarət dövriyyəsinin yarım milyard dolları ötməsi və hərbi-texniki sahədə birgə istehsal imkanlarının müzakirə edilməsi gələcəyə hesablanmış addımlardır. Həm Bakı, həm də Kiyev hərbi sənaye kompleksini inkişaf etdirir və bu potensialın birləşdirilməsi regional təhlükəsizlik və iqtisadi dividend baxımından hər iki tərəf üçün böyük perspektivlər vəd edir”.