Xəbərlər

Bakı-Tehran arasında yeni strateji mərhələ… – ŞƏRH

Azərbaycan-İran əlaqələrinin həm siyasi, həm də iqtisadi müstəvidə yeni mərhələyə qədəm qoyub.

Sosdem.az xəbər verir ki, bunu Sherg.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Ekspert qeyd edib ki, iki tərəf arasında keçirilən birgə komissiya iclasları və aparılan müzakirələr münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir:

“Tərəflər yalnız iqtisadi layihələr həyata keçirmir, eyni zamanda Bakı və region üçün strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizləri-xüsusilə Şimal-Cənub marşrutu gündəmdədir. Azərbaycan bu istiqamətdə siyasi iradə ortaya qoyub. Rəsmi Bakı əməkdaşlığın genişlənməsində maraqlıdır.

İranla iqtisadi əməkdaşlıq konkret layihələrin icrası baxımından mühüm əhəmiyyət daşıyır. Lakin İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar və region ətrafında davam edən hərbi-siyasi gərginlik müəyyən əməkdaşlıq istiqamətlərinə mənfi təsir göstərə bilər. Ümumilikdə isə İlham Əliyevin mövqeyi aydındır: İranla əməkdaşlıq yüksək səviyyədə davam etməlidir və birgə iqtisadi layihələr reallaşdırılmalıdır. İran-Azərbaycan əlaqələrinin normallaşması qarşılıqlı etimadın formalaşmasına da töhfə verəcək”.

Politoloq vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni siyasi-iqtisadi konfiqurasiya yaranıb:

“Yeni şəraitdə Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır. Lakin İranın hazırkı geosiyasi vəziyyəti və mümkün hərbi risklər iqtisadi layihələrin icrasına müəyyən çətinliklər yarada bilər.

Bununla belə, əgər İranla Qərb arasında münasibətlərdə nisbətən sabitlik yaranarsa, Azərbaycan və İran iqtisadi layihələri daha çevik şəkildə həyata keçirə və regionda iqtisadi inteqrasiyanı sürətləndirə bilərlər. İran da bu müstəvidə yüksək potensiala malikdir və hazırkı mərhələdə rəsmi Tehranın Azərbaycana münasibəti müsbətdir. Tərəflər əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atmaqda davam edirlər”.

Bir cavab yazın

Back to top button