Bakı-Tbilisi regionun yeni geosiyasi xəritəsini cızır… – Deputat

Prezident İlham Əliyevin Gürcüstan səfəri və mətbuata verdiyi bəyanatlar regionda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün yeni bir eranın başlanğıcı hesab olunur.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
MCP başqanı bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər sadəcə diplomatik deyil, həm də sarsılmaz tarixi bünövrəyə söykənir:
“Prezident İlham Əliyevin səfəri iki ölkə arasındakı tarixi dostluğun dövlətlərarası əlaqələr üçün necə möhkəm bir təməl olduğunu bir daha sübut etdi. Hər iki dövlətin bütün beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməsi dövlətçilik prinsiplərimizin ayrılmaz hissəsidir. Bu birlik Cənubi Qafqazın kənar müdaxilələrdən qorunması üçün ən güclü qalxandır”.
Millət vəkili qeyd edib ki, iki ölkə arasındakı iqtisadi bağlar artıq regionun sərhədlərini aşır:
“Ticarət dövriyyəsinin cari ilin sonunda 1 milyard dollara çatması gözləntisi və Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı 3,7 milyard dollarlıq nəhəng sərmayə bu müttəfiqliyin real gücünü göstərir. Gürcüstandakı sabit sərmayə mühiti və investorlara yaradılan şərait, xüsusilə Azərbaycan kapitallı layihələr üçün geniş qapılar açır. Gələcəkdə üçüncü ölkələrə birgə sərmayə qoyuluşu planları isə Azərbaycan və Gürcüstanın iqtisadi güc mərkəzi kimi qlobal səviyyəyə yüksəlməsini təmin edəcəkdir”.

Deputat enerji və nəqliyyat layihələrinin Avrasiya üçün əhəmiyyətini xüsusi vurğulayıb:
“Azərbaycan qazının 16 ölkəyə ixrac edilməsi prosesinin Gürcüstandan başlaması bu ölkənin strateji əhəmiyyətini artırır. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi mövcud infrastrukturların üzərinə inşa edilən Orta Dəhliz hazırda bizim əsas nəqliyyat damarımızdır. Bu dəhlizin genişləndirilməsi hər iki dövlətin qlobal tranzit mərkəzinə çevrilməsi deməkdir”.
Partiya başqanı təhlükəsizlik məsələsində unikal bir məqamı diqqətə çatdırıb:
“Bu gün Cənubi Qafqaz artıq münaqişə zonası deyil, əməkdaşlıq məkanı kimi çıxış edir. Prezidentin qeyd etdiyi kimi, sülhü gücləndirməyin ən yaxşı yolu iqtisadi bağlardır. Azərbaycanla Ermənistan arasında ticarətin Gürcüstan vasitəsilə həyata keçirilməsi sülh prosesinin praktik müstəviyə keçdiyini göstərir. Bu prosesdə Gürcüstanın konstruktiv rolu təqdirəlayiqdir”.