Bakı Şərq və Qərb arasında etibarlı körpüdür… – Deput

Prezident İlham Əliyevin Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycan dövlətinin strateji baxışını, müstəqil xarici siyasət kursunu və beynəlxalq arenada artan çəkisini nümayiş etdirir.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev ölkə başçısının forumdakı nitqini, multikulturalizm dəyərlərini və Azərbaycanın qlobal diplomatiyadakı uğurlarını dövlətçilik prizmasından şərh edərkən bildirib.
Milli həmrəylik və azərbaycançılıq məfkurəsi…
Millət vəkili ölkə daxilindəki ahəngdarlığın və etnik-dini dözümlülüyün tarixi əhəmiyyətinə diqqət çəkib:
“Azərbaycan əsrlər boyu Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayıb. Müstəqillik illərində bu ənənələrin daha da gücləndirilməsi cəmiyyətimizdə sabitliyin və birliyin təməlini qoydu. Bütün etnik və dini qrupların ‘azərbaycançılıq’ ideyası ətrafında sıx birləşməsi İkinci Qarabağ müharibəsində Qələbəmizi təmin edən əsas amillərdən oldu. Xarici təzyiqlər və ikili standartlar qarşısında milli identikliyimizi, dilimizi və dəyərlərimizi qoruyub saxlamaq dövlətçilik maraqlarımızın prioritetidir”.
Bakı beynəlxalq təhlükəsizliyin etibarlı tərəfdaşıdır…
MCP başqanı ölkəmizin xarici siyasətdəki uğurlarını və tranzit-logistika potensialını vurğulayıb:
“Azərbaycanın xarici borcunun ÜDM-in 5 faizi civərında olması və böyük güclərlə bərabərhüquqlu strateji tərəfdaşlıq qurması iqtisadi və siyasi müstəqilliyimizin bariz göstəricisidir. Bakı heç bir xarici diktəni qəbul etmədən öz milli maraqlarını qoruyur. Regionda sülhün bərqərar olması, Ermənistanla sülh prosesinin irəliləməsi və Azərbaycanın qlobal nəqliyyat-logistika mərkəzinə çevrilməsi Cənubi Qafqazda davamlı sabitliyə xidmət edir”.

Mötəbər sammitlərə ev sahibliyi ölkəmizin nüfuzunun təzahürüdür…
Parlamentari Azərbaycanın qlobal platformalardakı rolunu önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Sammitinə ev sahibliyi etməyimiz Azərbaycanın həm Şərq, həm də Qərb dünyasında nə qədər etibarlı partner kimi qəbul edildiyini göstərir. Bu nailiyyətlər xalqımızın zəhməti və dövlətimizin məqsədyönlü siyasəti sayəsində mümkün olub”.