Bakı-Riqa tərəfdaşlığı regional sabitliyin yeni təminatıdır… – Deputat

Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri və dövlət başçılarının birgə bəyanatları ölkələrimiz arasındakı strateji tərəfdaşlığın yeni, daha dinamik bir mərhələyə qədəm qoyduğunu sübut edir. Bu səfər həm ikitərəfli iqtisadi potensialın reallaşması, həm də Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbulu baxımından müstəsna əhəmiyyət kəsb edir…
Bu fikirləri Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Sosdem.az-a açıqlamasında Latviya Prezidentinin Bakı səfərini və tərəflər arasındakı razılaşmaları şərh edərkən deyib.
Millət vəkili Azərbaycan-Latviya əməkdaşlığının strateji əhəmiyyətini bir neçə məqamla əsaslandırıb:
“Bir həftə əvvəl Hökumətlərarası Komissiyanın məhz Şuşada görüş keçirməsi Latviyanın Azərbaycanın ərazi bütövlüyünə və regiondakı quruculuq işlərinə verdiyi dəstəyin bariz nümunəsidir. Bu gün Bakıda keçirilən biznes-forum isə ticarət dövriyyəsinin artırılması üçün həlledici addımdır. Bizim dövlət və özəl sərmayədarlarımız Latviya bazarına girməyə, qarşılıqlı investisiya mühitini canlandırmağa tam hazırdır.”
MCP başqanı Prezident İlham Əliyevin sülh prosesi ilə bağlı mesajlarına da xüsusi diqqət çəkib:
“Cənab Prezidentin vurğuladığı kimi, ötən ilin avqustundan bəri Azərbaycan və Ermənistan arasında de-fakto sülhün hökm sürməsi, ticarət əlaqələrinin, xüsusən yanacaq təchizatının başlaması region üçün tarixi hadisədir. Bu, dünyaya bir mesajdır: beynəlxalq hüquq bərpa edildikdən sonra siyasi iradə və müdriklik sayəsində sonsuz müharibələrə son qoymaq mümkündür. Latviya ilə təhlükəsizlik məsələlərindəki həmrəyliyimiz həm Baltik, həm də Cənubi Qafqaz regionunda sabitliyin möhkəmlənməsinə xidmət edir.”

Deputat sonda qeyd edib ki, birbaşa uçuşların planlaşdırılması və təhsil sahəsindəki sıx əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq:
“450-dən çox azərbaycanlı tələbənin Latviyada təhsil alması bizim gələcək humanitar körpümüzdür. 20 ilə yaxın dostluq təcrübəsi olan iki liderin bu iradəsi münasibətlərimizi ən yüksək zirvəyə daşıyır”.