Bakı artıq əvvəlki Bakı deyil… – Deputat köməkçisi

Hər gün daha çox hiss olunan tıxac, hərəkətsizlik və sıxlıq paytaxt həyatını iflic edib…
Sosdeme.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.
MCP rəsmisi bildirib ki, artıq günün azı 3-4 saatı yollarda – avtobusda, metroda və ya avtomobilin içində itir.
“Bu isə təkcə vaxt itkisi deyil, həm də əsəb yüküdür.
Üstəlik, minlərlə rayon sakininin iş dalınca Bakıya axını problemi daha da ağırlaşdırır. Təhsil mövsümünə sayılı günlər qalmış əsas prospektlərin “təmir” adı ilə eyni anda bağlanması isə vəziyyəti dözülməz edir.
Axı niyə təmir işləri mərhələli aparılmır?
Niyə bütün küçələr eyni gündə sökülüb təmir edilir?
Olmazmı ki, bir gün bir prospekt, növbəti gün başqa bir prospekt təmir olunsun?
Bütün bunlar təkcə Bakının yox, ölkənin balanssız inkişafının acı nəticəsidir. İnsan bölgələrdə iş, təhsil və normal infrastruktur tapa bilmədikdə, məcburən paytaxta üz tutur. Nəticədə, şəhər böyüdükcə problemlər də böyüyür…”, – başqan müavini deyib.
