Bəzi fermerlər nazirlikdə oturan insanlardan daha təcrübəlidir… – Deputat

“Azərbaycanda kənddən şəhərə axını dayandırmağın yeganə yolu kənd təsərrüfatını rəqabətli etmək və insanlara pul qazandırmaqdır; bunun üçün islahatlar xarici ölkələrdən kor-koranə köçürülməməli, qərarlar kabinetlərdə deyil, birbaşa pambıq, taxıl və meyvə bağlarında, fermerlərlə birgə verilməlidir”.
Bu barədə kənd təsərrüfatının inkişaf perspektivlərini, subsidiyalaşdırma sistemindəki boşluqları və dövlət qurumları ilə kəndlilər arasındakı ciddi idarəetmə problemini Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bildirib.
Kənd Təsərrüfatı Nazirliyi ilə fermerlər, kəndlilər bir-birini başa düşə bilmir
Millət vəkili hazırda aqrar sahədəki ən böyük problemin koordinasiya qopuqluğu olduğunu qeyd edərək, idarəedici qurumlarla istehsalçılar arasında qarşılıqlı anlaşmanın olmadığını vurğulayıb:
“Kənd təsərrüfatı ilə fermerlər, kəndlilər arasında koordinasiya pozulub. Onlar bir-birini başa düşə bilmirlər. Ən böyük problem budur. Düşünürəm ki, burada ciddi maarifləndirmə tədbirləri keçirilməlidir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi subsidiyanı gübrə, əmtəə şəklində verir, amma kəndlilər onu bəzən istifadə edir, bəzən etmir, bəzən də qeyri-qanuni yollarla pul vəsaitinə çevirmək istəyirlər. Burada balans tapılmalıdır: bu kəndli, fermer bunu niyə belə edir? Kəndçi düşünür ki, mən azotu, selitranı verəndə də məhsuldarlıq eyni olur, verməyəndə də. Və bütün bunların hamısını kəndçi ilə uzlaşdırmaq lazımdır. Yoxsa ‘mən qaydanı belə qurmuşam, sən belə etməlisən’ əmri ilə işləmək ümumi məhsuldarlığa və işlərə ziyan vurur”.
“Bəzi fermerlər nazirlikdə oturanlardan daha təcrübəlidir”
MCP başqanı qərarların qəbulu prosesində bürokratik təkəbbürün kənara qoyulmalı olduğunu və sahədəki insanların rəyinə qulaq asmağın vacibliyini diqqətə çatdırıb:
“Mənə elə gəlir ki, bəzi fermerlər var, kənd təsərrüfatında işləyən bəzi insanlardan daha çox təcrübəlidirlər. Onlar bəzi məsələləri daha yaxşı bilirlər. Niyə onların məsləhətinə qulaq asmayaq? Niyə kənd təsərrüfatında oturan insanlar deyir ki, ‘biz qərar qəbul edirik, belə olmalıdır’? Bu, yanlışdır. Kənd təsərrüfatı ilə bağlı qərarlar elə kəndlərdə, kəndlilərlə bir yerdə verilməlidir. O, ərik sahəsində, alma sahəsində verilməlidir, buğda sahəsində, pambıq sahəsində oturub qərar qəbul edilməlidir”.

“Bura Amerika, İsrail və ya Yaponiya deyil”
Partiya lideri xarici idarəetmə modellərinin yerli reallıqlar, mentalitet və resurslar nəzərə alınmadan ölkəyə gətirilməsini və təcrübəsiz kadrların sahəyə rəhbərlik etməsini kəskin tənqid edib:
“Bəzən elə də olur ki, indi çox bacarıqlı gənclərimiz var, amma elə gənclər də gətirilir ki, onlar kənd təsərrüfatının ümumi prinsiplərini bilmirlər, təhsilləri də o sahə üzrə deyil. Gedib internetdə, ChatGPT-də bir axtarış edir, düşünür ki, İsraildə, Amerikada kənd təsərrüfatı bu cür inkişaf etdirilir. Amma bura Amerika, İsrail, bura Yaponiya deyil. Bizim millətimizin bəzi məsələlərdə mentalitetini, suyumuzu, vətəndaşlarımızın davranışını, ümumi məsələlərə baxışını, hər bir şeyi qanunsuz həll etməyə olan meyillərini nəzərə almaq lazımdır. Biz ancaq oradan götürüb köçürək, gəlib burada qoyaq və deyək ki, “elə bu cür olmalıdır” – görürsən ki, işləmir”.
Deputat əlavə edib ki, kənd təsərrüfatında artıq daha çox əkin yox, daha çox məhsuldarlıq prinsipinə keçilməli, ədalətli və aşağı faizli kreditlərə çıxış təmin olunmalı, coğrafiyaya uyğun diferensial subsidiyalar verilməli, su təminatı yaxşılaşdırılmalı və məhsulların satışı üçün marketlərə birbaşa çıxış yaradılaraq bəzi məhsullar dövlət tərəfindən zəmanətlə alınmalıdır.