Xəbərlər

Aztəminatlıların vəziyyəti daha da ağırlaşacaq – MCP rəsmisi

Yeni qərara görə, işləməyən şəxslər hər ay 16 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər. Ödənişi gecikdirənlər isə əlavə 10 faiz cərimə ilə üzləşəcəklər.

Bəs iş yeri olmayan, gündəlik dolanışığını güclə təmin edən vətəndaş bu məbləği haradan tapsın?

Bunu Sosdem.az Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

MCP rəsmisi qeyd edib ki, ölkədə minlərlə insan var ki, işsizliyə görə aylardır ailəsini birtəhər dolandırır.

“Bəzisi gündəlik işlərlə, bəzisi təsadüfi gəlirlə yaşayır. Bu insanların üzərinə hər ay əlavə 16 manatlıq yük qoymaq artıq sosial təzyiqdir. Tibbi sığorta vacibdir, bunu heç kim inkar etmir. Amma sosial həssas qrupların bu öhdəliyi daşıya bilməyəcəyi də bir reallıqdır. Ən ağrılısı isə odur ki, ödəyə bilməyən insan cərimələnəcək, yəni işsiz vətəndaşın cibində olmayan puluna bir də cəza əlavə olunacaq”, – deputat köməçisi deyib.

Başqan müavini vurğulayıb ki, bu qərarın tətbiqi işsiz və aztəminatlı insanların vəziyyətini daha da ağırlaşdıracaq.

“Dövlət bu kateqoriyanı ya güzəştlərdən yararlandırmalı, ya da alternativ model təqdim etməlidir. Çünki dövlət vətəndaşın vəziyyətinə uyğun addım atmalı, qərar qəbul etməlidir. İnsanların çiyinlərində onsuz da kifayət qədər yük var. Əlavə 16 manat yük isə kimsənin düşündüyündən daha çox ailənin büdcəsinə təsir edəcək”, – Ehtiram Mehtiyev bildirib.

Bir cavab yazın

Back to top button