Xəbərlər

Az təminatli əhalinin sosial müdafiəsi gücləndirilsin – Elşən Manafov

Tarif Şurasının yanacağa olan qiymətlərin artımı ilə bağlı qəbul etdiyi qərar ölkədə sosial təminatla baglı ciddi müzakirələrə səbəb olub. Müzakirələr qiymət artımının ictimaiyyəti ciddi şəkildə narahat etdiyini göstərir. Bəllidir ki, yanacağa olan qiymətlərin artması digər məhsulların da bahalaşmasına səbəb olacaq.

Bunu Milli Cəbhə Partiyası başqanının müşaviri Elşən Manafov deyib. O, bildirib ki, əhalinin az təminatli hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qərarların qəbul olunmasına ehtiyac var:

“Artiq ictimai nəqliyyatda qiymət artımı özünü göstərib. Yükdaşınmalarda yanacaq faktoru əhəmiyyətli amil olduğundan ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin də artacağı bəllidir. Bununla bağlı əhalinin az təminatli hissəsinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qərarların qəbul olunmasına ehtiyac yaranıb.  Əhalinin sosial müdafiə baxımından ən həssas hissəsi olan tələbələrin nəqliyyat xərclərinin azaldılması məqsədilə, Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurulllayev onların nəqliyyatda gediş haqlarının yarıbayarı azaldılmasi təklifi ilə çıxış edib. Belə bir təcrübə dünyanın ayrı-ayrı ölkələrində mövcüddur və əlbəttə bu təcrubədən yararlanmaq olar.

Məsələn, Çexiyada tələbələr ictimai nəqliyyatda ödənişsiz getmək hüquqlarına malikdirlər. Belçikada da tələbələr,müəllim və təqaüdçülər ictimai nəqliyyatdan pulsuz istifadə hüququna malikdirlər. Rusiyada tələbələr simvolik xərclərlə ictimai nəqliyyatdan istifadə edirlər.

Ekspert bildirib ki, ölkədə orta aylıq əmək haqlarının 998 manata çatdığı bir dönəmdə ilk baxışda bu qiymət artımı ciddi ajiotaj yaratmamalı idi:

“Lakin, orta aylıq gəlirlərlərlə bağlı rəqəmlərin gerçəkliklərdən uzaq olması da birmənalıdır. Ölkədə 25-30 min əmək haqqı alanlarla yanaşı, minimum əmək haqqına- 345 manata çalışanlar da var, bu nisbətdə isə, əhalinin böyük əksəriyyəti 550-700 manat arasında əmək haqqı alir. Məsələn, hörmətli təhsil nazirimiz ölkədə 15 minə yaxın müəllimin 1500 manata yaxın əmək haqqı aldığını deyir, bu isə, 150 minlik müəllim ordusunun 10% deməkdir. Milli Cəbhə Partiyası olaraq biz ölkədə minimum əmək haqlarının məlum həddinin vətəndaşların minimum istehlak zənbilinin ehtiyaclarını ödəmədiyini dəfələrlə demişik. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan zamanında Avropa Sosial Xartiyasına qoşulub və bununla bağlı dövlətin öz üzərinə götürdüyü öhdəliklər var. Xartiya qoşulmuş dövlətlər ölkədə minimum əmək haqlarının orta aylıq əmək haqlarından 60% nə bərabər olması ilə bağlı öhdəliklər götürüblər. Azərbaycanda orta aylıq əmək haqlarının 1000 manata yaxın, minimum əmək haqlarının isə, 345 manat olduğunu nəzərə alsaq, minimum əmək haqqları hazırda 600 manatdan aşağı olmamalıdır. Hələlik, hakimiyyət bununla bağlı problemin öhdəsindən gələ bilməyib. Bu isə, ölkədə orta təbəqənin cəmiyyətdə çəkisinin azalmasına, sosial təbəqələşmənin güclənməsinə səbəb olur.

Milli Cəbhə Partiyası cəmiyyətdə sosial sabitliyin dayanıqlı və davamlı olmasında orta təbəqənin idel çəkisinin əhəmiyyətini vurğulayaraq, onun nisbətinin azalmasından narahat olduğunu bildirməklə bəlli problemin həlli ilə bağlı alternativ proqramları müzakirə etməyə hazırdır. Qarşıdakı seçki kampaniyasında bu problem partiya təmsilçilərinin seçicilərlə görüşlərində müzakirəyə çıxaracaqları mövzular arasında xüsusi yer tutacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu