“Azərbaycanla güc, təzyiq dili ilə danışmaq əbəsdir” – Politoloq
BMT-nin Bakıda keçirilən beynəlxalq COP-29 artıq ekoloji sammit çərçivəsindən çıxaraq, həm də çox əhəmiyyətli siyasi bir nəticə verdi. Azərbaycan prezidenti cənab İlham Əliyevin açılış mərasimində çıxışı, bəyanatları nəinki Azərbaycana qarşı, həmçinin BMT-yə qarşı qarayaxma kompaniyası aparmaq istəyən Makron komandasını, bəzi Avropa liderlərini ifşa etdi.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Vüqar Dadaşov deyib.
O, qeyd edib ki, Azərbaycanın qəti mövqeyi, bəzi Avropa liderlərinə Azərbaycanla güc, təzyiq dili ilə danışmağın əbəs olduğunu anlatdı:
“Avropa Birliyinin Bakıda keçirilən COP-29 sammitini baykot etmə cəhdi əslində təşkilatçılara istədikləri effekti vermədi. Xüsusən Fransa, Almaniya, Avropa İttifaqının rəhbərlırinin Bakı tədbirində iştirak etməməsi bütünlüklə Avropanın COP-29-u baykot etməsi anlamına gəlmir.
Belə ki, Böyük Britaniya başda olmaqla əksər Avropa ölkələri tədbirdə yüksək səviyyədə fəal iştirak edirlər. Əldə olunan Bakı bəyannaməsi üzrə razılaşmanı dəstəkləyən əksər Avropa ölkələri elə öz iştirak və imzaları ilə “baykot” arzusunda olanlara tutarlı cavabdır.
Siyasi baxımdan BMT-nin iqlim üzrə beynəlxalq tədbirini baykot etmək cəhdi elə BMT-nin özünün baykot edilməsi deməkdir. BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransa üçün belə bir boykot cəhdi heç bir məntiqə uyğun deyil. Yeri gəlmişkən, təkcə bu fakt bir daha sübut edir ki, BMT-nin, eləsə də TŞ-nın struktur reformasına ehtiyac çoxdan yetişib”.
Politoloq onu da qeyd edib ki, BMT-nin COP-29 Bakı sammiti ilə bağlı bəzi dövlət liderlərin qarayaxma, boykot cəhdi bir daha onu sübut edir ki, bəzi dairələr beynəlxalq təşkilatları və onların rəhbərlərini öz məqsədləri üçün bir təsir vasitəsi kimi istifadə edir, bəzi dövlətlərə yanaşmada ikili standartlar tətbiq edilir və məqsəd müstəqil siyasət yürüdən, öz milli maraqlarını qoruyan dövlətləri təsir altında saxlamaqdır, özünə tabe etməkdir:
“COP-29 mahiyyətinə uyğun uğurlu nəticə əldə etdi. Ekoloji və iqlim balansının qorunması üçün əldə edilən razılaşma özü qənaətimizə sübutdur.
Əlbəttə ki, bu nəticə əhəmiyyətinə görə dünyamızı qorumaq üçün vacib nailiyyətdir”.