“Azərbaycanın iştirakı olmayan sənədlər mülkiyyət hüququnu dəyişmir” – ŞƏRH

Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Marko Rubio tərəfindən Zəngəzur dəhlizinin (TRİP) açılmasının rəsmiləşdirilməsi barədə birgə Bəyannamənin imzalanması regionda yeni geosiyasi vəziyyət yaradıb. Razılaşmaya əsasən, TRİP marşrutunda pay bölgüsü ABŞ (74%) və Ermənistan (26%) arasında bölünüb.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov Ermənistanla ABŞ arasında imzalanmış son bəyanatı və Zəngəzur dəhlizinin hüquqi statusunu şərh edərkən deyib.
Ekspert hesab edir ki, bu bölgü faktiki olaraq Azərbaycanla Naxçıvanı birşədirən strateji yola ABŞ-ın nəzarəti deməkdir:
“74%-lik pay təkcə nəzarət hüququ deyil, həm də regionun gələcək iqtisadi və logistik imkanlarının ABŞ-ın əlində cəmlənməsidir. Lakin Moskva dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat qüvvədədir və sənədə əsasən, Zəngəzur dəhlizində nəzarət funksiyası Rusiyaya məxsusdur. ABŞ-Ermənistan razılaşması Moskvanın mövqeyi ilə açıq ziddiyyət təşkil edir. Bu, yalnız regionda güc balansının pozulması riski deyil, həmçinin Zəngəzur dəhlizində hüquqi və geosiyasi münaqişə potensialını artırır.”
MCP rəsmisinin qənaətinə görə, Rusiya bu prosesə sərt reaksiya verə bilər: “Düşünürəm ki, Moskva üçün vəziyyətdən çıxış yolu kimi yalnız Paşinyanın devrilməsi görünür. Rusiyanın Ermənistanda bu ilin iyununda keçiriləcək parlament seçkilərinə müdaxiləsi və ölkədə hərbi çevriliş ehtimalı da istisna deyil”.

Tarixi və Hüquqi Faktlar: “Zəngəzur Azərbaycanın əmlakıdır”
Zəngəzur dəhlizinin mənsubiyyəti məsələsinə toxunan politoloq, ərazinin tarixi-hüquqi statusuna diqqət çəkib. O qeyd edib ki, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyəti 114 min kv. km ərazi ilə de-fakto müstəqil dövlət kimi tanınmışdı:
“1920-ci ilin aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra, 1920-1921-ci illərdə RSFSR rəhbərliyinin inzibati-siyasi qərarları ilə Zəngəzur Azərbaycanın razılığı olmadan Ermənistana verilmişdir. Bu qərarlar nə referendumla, nə də beynəlxalq müqavilə ilə müşayiət olunub. Buna baxmayaraq, SSRİ dövründə — 1945-ci ilin iyulunda qəbul edilmiş müvafiq qərarlar və əmrlərlə Zəngəzurdan keçən dəmir yolu xətti Azərbaycanın balansında saxlanılmışdır.”
Analitik vurğulayıb ki, SSRİ dağılan günə qədər bu yolun mülkiyyəti hüquqi baxımdan Azərbaycan SSR-ə məxsus olub:
“SSRİ-nin süqutundan sonra respublikaların balansında olan əmlaklar hüquqi varislik prinsipi ilə həmin dövlətlərin mülkiyyəti kimi tanınmışdır. Hüquqi baxımdan Zəngəzur dəhlizi üzərindən keçən yol Azərbaycanın əmlakı hesab olunur. Bu fakt beynəlxalq hüquqda ‘notorious facti’ (sübuta ehtiyacı olmayan fakt) anlayışı ilə xarakterizə edilir.”
“Azərbaycanın iştirakı olmayan sənədlər mülkiyyət hüququnu dəyişmir”
Dadaşov yekun olaraq bildirib ki, ABŞ və Ermənistan arasındakı razılaşma Azərbaycanın mülkiyyət hüququnu aradan qaldırmır:
“Zəngəzur yolunun Azərbaycana məxsusluğu reallıqdır. İmzalanmış sənəd Azərbaycanın tərəf olmadığı ikitərəfli sənəddir və yol de-fakto Azərbaycan ərazisi olaraq qalır. ABŞ-ın nəzarəti Azərbaycanın hüquqi varisliyini zəiflətmir, əksinə, Zəngəzurun mənsubiyyətini mübahisə predmeti kimi beynəlxalq müstəviyə çıxarır. İlk mərhələdə yolun açılması hədəfdir, növbəti mərhələdə isə BMT və digər təşkilatlarda mülkiyyət hüququmuzun tanınması üçün hüquqi prosedurlar həyata keçirilə bilər.”