Xəbərlər

“Azərbaycanın bu təşkilatlarda qalması mümkün deyil” – Şərhçi

Rusiya hər zaman MDB çərçivəsində bərabərhüquqlu əməkdaşlıq əvəzinə üzv dövlətlərə öz mövqeyini qəbul etdirməyə çalışır.

Sosdem.az xəbər verir ki, bunu Musavat.com-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçiq Məhəmməd Əsədullazadə deyib.

Ekspert, MDB-nin özünü doğrultmadığını, funksionallığını itirdiyini qeyd edib.

“Hazırda MDB-yə üzv ölkələrdən olan miqrantlara Rusiyada ciddi təzyiqlər göstərilir, kütləvi deportasiya halları müşahidə olunur. Xüsusilə Mərkəzi Asiya ölkələri və Azərbaycandan olan miqrantlar daha çox təqiblərə məruz qalır. Belə bir şəraitdə Putinin MDB-nin “inkişaf perspektivlərindən” danışması ziddiyyətli görünür”, – politoloq deyib.

MCP rəsmisi vurğulayıb ki, üstəlik, Rusiya MDB məkanından olan miqrantları hindistanlı işçi qüvvəsi ilə əvəzləməyə çalışaraq xalqlar arasında formalaşmış sosial-iqtisadi münasibətlərin də üzərindən xətt çəkir.

“Rusiya eyni zamanda MDB üzvü olan dövlətlərə qarşı hərbi əməliyyatlar həyata keçirib. Gürcüstanın əraziləri işğal olunub, Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi aparılır, Belarus tam şəkildə Moskvanın təsir dairəsində saxlanılır.

Qazaxıstana qarşı vaxtaşırı ərazi iddiaları irəli sürülür, Azərbaycana qarşı isə siyasi və diplomatik təxribatlar davam edir. Belə bir mənzərədə MDB-nin mövcudluğu yalnız Putin üçün görüntü xarakteri daşıyır”, – şərhçi əlavə edib.

MEHEMMED.jpg (68 KB)

Başqan müavini qeyd edib ki, Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsi obyektiv və əsaslandırılmış qərardır.

“Birincisi, Rusiya təhlükəsizliklə bağlı verdiyi təminatlara əməl etmir və bu vədlər yalnız söz olaraq qalır. İkincisi, Moskva Azərbaycana qarşı siyasi təxribatlarını davam etdirir. Xüsusilə AZAL-a məxsus təyyarə ilə bağlı məsələdə Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Halbuki Putin bu barədə Düşənbədə açıq şəkildə söz vermişdi”, – politoloq bildirib.

Ekspertin sözlərinə görə, təcrübə göstərir ki, Rusiya “söz” verir, lakin çox qısa müddət sonra həmin mövqedən geri çəkilir.

“Belə şəraitdə Azərbaycanın Rusiyanın təsir orbitində olan təşkilatlarda qalması mümkün deyil. Moskvanın Azərbaycana qarşı davam edən siyasi təxribatları iki ölkə arasındakı münasibətlərə yenidən baxılmasını zəruri edir. Görünən odur ki, Azərbaycan bu istiqamətdə düşünülmüş və ardıcıl siyasi addımlar atmaqdadır”, – Əsədullazadə deyib.

Bir cavab yazın

Back to top button