Xəbərlər

Azərbaycan və erməni cəmiyyəti barışmalıdır? – Şərh

Ermənistan-Azərbaycan münasibətlərində rəsmi dövlət əlaqələrindən kənar, ictimai və cəmiyyətlərarası münasibətlərin bərpası Azərbaycanın milli maraqları və strateji hədəfləri baxımından təhlükəli yanaşmadır.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi, Vüqar Dadaşov deyib.

Ekspert qeyd edib ki, Ermənistanla rəsmi diplomatik çərçivədən kənar ictimai əlaqələrin qurulması Azərbaycan üçün ciddi risklər yaradır:

“Ermənistan cəmiyyətində anti-Azərbaycan və anti-türk nifrəti hələ də milli təfəkkürün əsas elementlərindən biridir. Bu nifrət zəif tarixi yaddaş və xarici manipulyasiyalar fonunda istənilən vaxt yenidən hərbi-siyasi qarşıdurmaya çevrilə bilər”.

Şərhçinin sözlərinə görə, dövlətlərarası münasibətlər diplomatik strategiya və milli təhlükəsizlik maraqları çərçivəsində koordinasiya olunur, lakin ictimai və vətəndaş cəmiyyəti səviyyəsində bu nəzarət mexanizmləri mövcud deyil:

“Rəsmi diplomatiya dövlətin maraqlarını qoruya bilər. Amma qeyri-rəsmi ictimai əlaqələr nəzarətsiz qalır və manipulyasiyaya açıq olur. Təhsil, sosial layihələr və vətəndaş təşəbbüsləri adı altında separatçı və ya terror yönümlü ideyaların yayılması riski istisna edilmir”.

Politoloq əlavə edib ki, Ermənistanla münasibətlərin rəsmi siyasi-diplomatik və iqtisadi müstəvidə qurulması rasional yanaşmadır və bu, regionda xarici müdaxilələrin qarşısının alınmasına xidmət edə bilər:

“Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı xarici güclərin alətinə çevrilməsinin qarşısını almaq üçün məhz rəsmi dövlətlərarası münasibətlər önə çıxmalıdır”.

MCP rəsmisi bildirib ki, Ermənistan–Azərbaycan münasibətlərinin təbii məcraya düşməsi yalnız erməni cəmiyyətinin revanşist ideologiyadan imtina etməsi ilə mümkündür:

“Soyqırım’ mifindən, ‘Böyük Ermənistan’ ideologiyasından əl çəkmədən real normallaşmadan danışmaq mümkün deyil. 2020-ci ildən sonra qısa müddətdə erməni təfəkkürünün köklü şəkildə dəyişəcəyini gözləmək sadəlövhlükdür”.

Analitikin sözlərinə görə, bu ideoloji transformasiya üçün Ermənistan cəmiyyətinə uzunmüddətli zaman lazımdır və yaxın perspektivdə belə dəyişiklik real görünmür.

Politoloq tarixi aspektə də diqqət çəkərək qeyd edib ki, Ermənistan dövlətinin formalaşması regionda türk dünyasına qarşı forpost funksiyası daşıyıb:

“Ermənistan Cənubi Qafqazda Rusiya imperiyasının və rus dövlətçiliyinin dayağı kimi formalaşdırılıb. Paralel olaraq bəzi Qərb dairələri və İran tərəfindən də türk dünyasına təsir aləti kimi istifadə olunub”.

Ekspert xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan da çıxışlarının birində ermənilərin uzun illər böyük güclər tərəfindən regionda təsir vasitəsi kimi istifadə edildiyini etiraf edib:
“Bu etiraf faktiki olaraq göstərir ki, erməni faktoru böyük güclərin regional siyasətində vasitə rolunu oynayıb”.

Politoloqun fikrincə, məhz bu səbəbdən Ermənistanın mövcud ideologiyadan tam imtina edəcəyi inandırıcı deyil:

“Bu ideologiyadan imtina Ermənistanın böyük güclər üçün funksiyasız hala gəlməsi deməkdir”.

Başqan müavini vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında cəmiyyətlərarası münasibətlərin bərpası yeni problemlər yarada bilər:

“Bu proseslər yalnız Azərbaycan dövlətinin müəyyən etdiyi siyasi xətt çərçivəsində aparılmalıdır. Xalqlar və cəmiyyətlər arasında əlaqələr ciddi nəzarət altında və məhdudlaşdırılmış formada həyata keçirilməlidir”.

Ekspert əlavə edib ki, Ermənistan üçün Azərbaycanla iqtisadi əməkdaşlıq – tranzit, daşımalar, enerji və təchizat sahələri – geosiyasi baxımdan xarici təsirlərin azalmasına xidmət edə bilər:

“Bu, həm də Ermənistan daxilində revanşist və Rusiya yönümlü qüvvələrin güclənməsinin qarşısını almaq baxımından təsirli mexanizmdir”.

Sonda Vüqar Dadaşov bir daha mövqeyini açıq şəkildə ifadə edib:

“İdeoloji və psixoloji baxımdan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası doğru deyil, son dərəcə təhlükəlidir və qəti şəkildə qarşısı alınmalıdır”.

Bir cavab yazın

Back to top button