Azərbaycan rəqəmsal mərkəzə çevrilir – Deputat

Prezident İlham Əliyevin elan etdiyi rəqəmsal fəaliyyət planı Azərbaycanın həm daxili idarəetməsində, həm də beynəlxalq iqtisadi nüfuzunda yeni bir səhifə açır.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkilinin sözlərinə görə, Prezidentin müşavirədə qeyd etdiyi strateji hədəflər birbaşa dövlətçiliyin möhkəmlənməsinə və xalqın rifahına hədəflənib.
“Cənab Prezidentin çıxışında ən vacib məqamlardan biri dövlət xidmətlərinin “mygov” platformasında, yəni vahid mərkəzdə birləşdirilməsi ilə bağlıdır. Bu, həm vətəndaşın işini asanlaşdırır, həm də dövlət idarəçiliyində pərakəndəliyi aradan qaldırır. Uzun illərdir ki, müxtəlif qurumlar fərqli tətbiqlər yaradırdı, amma indi bütün bunların bir nöqtədə cəmləşməsi resurslara qənaət və maksimum şəffaflıq deməkdir. Bu, həm də bürokratiyanın süni intellekt və rəqəmsal alətlərlə əvəz olunması prosesidir.”
Deputat iqtisadi baxımdan Azərbaycanın malik olduğu üstünlüklərin rəqəmsal dünyaya inteqrasiyasını zəruri hesab edir:
“İlham Əliyev çox önəmli bir rəqəmi açıqladı, bizim 2 min meqavatlıq istifadə edilməyən enerji potensialımız var. Bu gün dünyada süni intellektin və data mərkəzlərinin yaradılması üçün ən böyük ehtiyac enerjiyədir. Azərbaycan bu üstünlüyündən istifadə edərək regionun rəqəmsal mərkəzinə çevrilə bilər. Neft-qaz kəmərlərimizin yanınca çəkilən fiber-optik xətlər ölkəmizi həm də ‘rəqəmsal dəhliz’ edir. Bu, gələcəkdə qeyri-neft sektorundan gələn gəlirlərin artması, yeni və müasir iş yerlərinin açılması deməkdir.”

MCP başqanı dövlət başçısının kadr hazırlığı və təhlükəsizliklə bağlı xəbərdarlıqlarına da toxunub:
“Süni intellekt və rəqəmsallaşma sahəsində kadr hazırlığı təkcə təhsil məsələsi deyil, bu, milli təhlükəsizlik məsələsidir. Prezidentin hər bir nazirlikdə rəqəmsallaşma üzrə məsul müavinlərin ayrılması tapşırığı idarəetmədə ciddi koordinasiya yaradacaq. Eyni zamanda, keçən il üzləşdiyimiz kiberhücumlar fonunda kibertəhlükəsizlik məsələsinin xüsusi vurğulanması dövlətin öz rəqəmsal sərhədlərini qorumaq əzmini göstərir. Biz qlobal texnoloji nəhənglərlə, xüsusilə Amerika fondları və şirkətləri ilə olan sıx əlaqələrimizdən səmərəli istifadə etməliyik.”
R. Nurullayev yekunda qeyd edib ki, bu fəaliyyət planının icrası Azərbaycanın dünyada gedən texnoloji trendlərdən geri qalmamasını təmin edəcək və ölkənin uzunmüddətli, dayanıqlı inkişafına böyük töhfə verəcək.