Xəbərlər

Azərbaycan-Ermənistan kommunikasiyası Rusiyanı itələyir – ŞƏRH

Rusiya kəşfiyyatının yaydığı məlumata görə, guya Ermənistan Ukrayna hakimiyyəti ilə ölkəyə buğda idxalına dair danışıqlar aparır. Əslində isə bu məlumatın heç bir faktoroloji əsası yoxdur. Yayılan informasiyanın siyasi, ideoloji və psixoloji təsir məqsədi daşıdığı açıq şəkildə görünür.

Bu barədə Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Vüqar Dadaşov Sosdem.az-a bildirib.

MCP rəsmisinin sözlərinə görə, Rusiyanın yaydığı bu məlumat əslində Ermənistanla bağlı deyil, lakin Ermənistanla bağlı məqsəd daşıyır:

“Rusiya tərəfindən bu cür dezinformasiyanın tirajlanması Ermənistanın Qazaxıstan buğdasını Azərbaycan üzərindən, eləcə də Rusiyadan idxal olunan buğdanın yenə Azərbaycan üzərindən Ermənistana keçməsi fonunda baş verir. Demək, Rusiyanın yalan məlumatının hədəfi, əslində, müdaxilə edə bilmədiyi Ermənistan-Azərbaycan münasibətləridir.”

Politoloq qeyd edib ki, nəzəri baxımdan Ukraynadan Ermənistana buğda idxalı başlasa, bu, yalnız Gürcüstan və Qara dəniz üzərindən daha səmərəli ola bilər:

“Bu halda Azərbaycanla kommunikasiya xətlərinin açılması o qədər də əhəmiyyət kəsb etmir. Belə bir yanaşma Ermənistanda fəaliyyət göstərən revizionist dairələrin və Rusiya yönümlü siyasi elitaların baxış bucağı ilə üst-üstə düşür.”

Ekspert əlavə edib ki, Ermənistanın Qazaxıstan və Rusiyadan idxal etdiyi buğdanın həcmi böyük olmasa da, bu, kommunikasiya xətlərinin açılması baxımından mühüm əhəmiyyət daşıyır:

“Ukraynanın hazırda müharibə şəraitində Ermənistana cüzi miqdarda belə buğda ixrac etməsi maraqlı ola bilməz. Ukrayna buğdasını Avropa və Yaxın Şərqə daha yüksək qiymətə sata bilir.”

Şərhçinin sözlərinə görə, Rusiyanın belə bir yalan məlumat yayması və Ermənistandan gələn təkzib reaksiyası göstərir ki, məsələ buğda və idxalla bağlı deyil:

“Əslində, əsas məsələ Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması ilə bağlı Rusiyanın narahatçılığıdır.”

MCP rəsmisi xatırladıb ki, Ermənistana Azərbaycan üzərindən buğda idxalı baş tutandan dərhal sonra Moskva bildirmişdi ki, bu proses 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəaları əsasında həyata keçirilir:

“Halbuki nə Azərbaycan, nə də Ermənistan bunu təsdiqlədi. Rusiya hazırda bölgədə kənarda qalmaq təhlükəsi ilə üzləşdiyi üçün Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılmasının əleyhinədir.”

Politoloq əlavə edib ki, paralel olaraq İran da Ermənistana öz ərazisindən və Qazaxıstandan buğda idxalı təklif edir:

“Göründüyü kimi, Rusiya və İran eyni məqsəddən çıxış edir və əsas məqsəd Ermənistan-Azərbaycan arasındakı kommunikasiya xətlərinin açılmasına mane olmaqdır.”

Vüqar Dadaşovun sözlərinə görə, Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin qarşısını almaq cəhdləri artıq açıq şəkildə görünür:

“Təbii ki, Rusiya Ermənistan-Azərbaycan arasında kommunikasiya xətlərinin açılmasından sonra Cənubi Qafqazda Türkiyə-Azərbaycan xəttinin güclənməsini, özü iştirak etmədən, qəbul edə bilmir.”

Bir cavab yazın

Back to top button