Xəbərlər

Azərbaycan balanslı siyasətlə yeni mərhələ açır – Deputat

Prezident İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbəyə səfəri və MDB dövlət başçılarının toplantısında iştirakı Azərbaycanın regional və beynəlxalq arenadakı söz sahibi olduğunun göstəricisidir.

Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev bildirib ki, bu səfər regionda liderliyə iddialı Azərbaycan üçün əhəmiyyətlidir.

“Səfər bir daha sübut etdi ki, Azərbaycan təkcə iqtisadi və enerji layihələrinin deyil, həm də siyasi dialoqun, təhlükəsizlik və sabitliyin əsas aparıcı qüvvəsidir. Regionda və MDB məkanında Azərbaycanın nüfuzu artmaqda davam edir və bu, ölkəmizin beynəlxalq imicini daha da gücləndirir,” – deputat vurğulayıb.

Rusiya-Azərbaycan münasibətlərinə də toxunan MCP başqanı bildirib ki, Düşənbə görüşləri dialoqun bərpası baxımından müsbət siqnallar verir.

“Bəli, müəyyən soyuqluq müşahidə olunurdu, lakin İlham Əliyevin bu səfəri göstərdi ki, münasibətlər qarşılıqlı hörmət və praqmatik maraqlar üzərində yenidən formalaşır. Tərəflər suverenliyə və bir-birinin maraqlarına hörmət prinsiplərini qorumaqda qərarlıdır”, – millət vəkili deyib.

Deputat onu da qeyd edib ki, MDB siyasi baxımdan dünyada çox da ciddi siyasi nüfuza malik olmasa da, bu görüş dövlət başçılarının toplanması, qarşılıqlı münasibətlər baxımından əhəmiyyətlidir.

“Bu tədbir çoxqütblü dünya nizamında MDB məkanının rolunu yenidən müəyyənləşdirir. Azərbaycan balanslı siyasəti ilə regionda sabitlik, əməkdaşlıq və dialoqu təşviq edən əsas ölkəyə çevrilib”, – partiya başqanı bildirib.

Partiya başqanı əlavə edib ki, Azərbaycanın diplomatik fəallığı və sülh yönümlü siyasəti ölkəmizi regionda etibarlı tərəfdaş və söz sahibi dövlətə çevirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu