“Azərbaycan Avropanın əsas enerji təminatçısına çevrilir” – Deputat

“Serbiya və Azərbaycanın öz güclərinə arxalanaraq müstəqil siyasət yürütməsi bugünkü beynəlxalq şəraitdə xüsusi amildir. İki ölkə arasında qurulan strateji tərəfdaşlıq həm siyasi, həm də energetika sahəsində bölgə üçün yeni imkanlar pəncərəsi açır”.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bildirib.
Millət vəkili prezident İlham Əliyevin Serbiya səfərini xarici siyasətdəki növbəti strateji uğur kimi qiymətləndirib.
Enerji Diplomatiyası və İnvestisiya İmkanları
MCP başqanı qeyd edib ki, Azərbaycanın enerji resursları Avropanın təhlükəsizliyində əsas amilə çevrilib:
“Azərbaycan xarici siyasətdə enerji diplomatiyasını çox uğurla həyata keçirir. Hədəflənən əlavə 8 giqavat enerji gücü və bunun böyük hissəsinin Avropaya ixracı ölkəmizi qitənin əsas təminatçısı edir. Serbiyada həyata keçiriləcək birgə investisiya layihələri və elektrik stansiyalarının tikintisi dövlətimizin maliyyə gücünün və diplomatik nüfuzunun göstəricisidir.”

Suverenlik və Strateji Tərəfdaşlıq
Analitikin fikrincə, Bakı və Belqrad arasında qurulan bağlar milli maraqların qorunmasına xidmət edir:
“Beynəlxalq platformalarda tərəflərin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi dövlətçilik baxımından mühüm təməldir. Azərbaycan öz milli maraqları çərçivəsində yeni müttəfiqlik şəbəkələri qura bilir. Bu səfər göstərdi ki, Azərbaycan və Serbiya arasında yaranan iqtisadi-siyasi sinergiya hər iki ölkənin suverenliyini daha da möhkəmləndirir.”