Xəbərlər

Azərbaycanın din-dövlət münasibətləri dünyaya nümunədir… – MCP rəsmisi

“Azərbaycanda din-dövlət münasibətləri və xalqımızın dini ayinləri icra etmə azadlığı bu gün dünya ölkələri üçün unikal bir nümunədir. Ölkəmiz nəinki İslam aləmində, bütövlükdə qlobal müstəvidə fərqli inancların bir arada, dinc yanaşı yaşamasının ən uğurlu modelini ortaya qoyub. Bu, sadəcə hüquqi deyil, həm də əsrlərdən süzülüb gələn milli köklərimizə əsaslanan bir vəhdətdir”.

Bu fikirləri Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə ölkəmizdəki mövcud dini tolerantlıq mühitini şərh edərkən bildirib.

Ekspert vurğulayıb ki, dövlətin bu sahədəki strateji xətti bütün dinlərə bərabər və ədalətli yanaşmanı təmin edir:

“Bu gün Azərbaycanda məscidlərin bərpası və tikintisi ilə yanaşı, digər dinlərin ibadət yerləri – kilsə və sinaqoqlar da dövlət tərəfindən inşa edilir, bərpa olunur. Dövlət bu istiqamətdə kifayət qədər tolerant və humanist yanaşma nümayiş etdirir. Cənubi Qafqazda Azərbaycan daima dini dözümlülüyün və xalqlar arasında mənəvi vəhdətin qorunduğu sarsılmaz bir məkandır. İslam dininin inkişafı və təbliği ilə yanaşı, digər dini konfessiyalara da dövlət büdcəsindən mütəmadi dəstək verilməsi bizim multikultural dəyərlərimizin əsasını təşkil edir”.

MCP rəsmisinin fikrincə, Azərbaycandakı bu harmoniya həm də qanunvericilik bazası ilə tam sığortalanıb:

“Ölkəmizdə müxtəlif dini inanclara malik olan hər bir insan bərabər şəkildə yaşayır və onların hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə ən yüksək səviyyədə qorunur. Heç bir din digərindən üstün tutulmur, əksinə, hamı eyni vətəndaşlıq məsuliyyəti və mənəvi birlik ətrafında cəmləşib. Bu mühit regiondakı digər ölkələr üçün həm dini, həm də siyasi sabitliyin ən etibarlı formulu kimi çıxış edir”.

Bir cavab yazın

Back to top button