Azərbaycanda iş saatları azaldılsın… – Deputat

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev iş saatlarından səmərəli istifadə hesabına iş gününün müddətinin azaldılmasını və daha çevik iş rejiminə keçidin təşviq edilməsini təklif edib.
Sosdem.az xəbər verir ki, millət vəkili bu barədə parlamentdə danışıb.
MCP başqanı qanun layihəsini dəstəklədiyini bildirərək əmək münasibətlərinin təşkili ilə bağlı bir sıra məsələlərə diqqət çəkib:
“İş yerlərində əsas diqqət əməkdaşların işə gəlmə və işdən çıxma saatlarına deyil, gün ərzində əldə etdikləri nəticələrə yönəldilməlidir.
Səkkiz saat iş yerində olmaq həmin müddət ərzində eyni məhsuldarlıqla çalışmaq demək deyil. Bəzi xarici şirkətlərdə bir neçə saata görülən işlərin yerli müəssisələrdə günlərlə uzanmasının səbəbləri araşdırılmalıdır”.
Parlamentari hesab edir ki, belə fərqlər bir çox hallarda işçilərin fəaliyyətindən deyil, işin düzgün təşkil olunmamasından, idarəetmədəki problemlərdən və lüzumsuz bürokratik prosedurlardan qaynaqlanır:
“İşin xarakteri imkan verdiyi hallarda əməkdaşların işə daha tez gəlib, daha tez çıxmasına şərait yaradılmalıdır. Onun fikrincə, bütün sahələrdə vahid iş saatlarının tətbiqi məqsədəuyğun deyil.
Əsas məqsəd işin keyfiyyətini və nəticələrini aşağı salmadan insanların şəxsi həyatına daha çox vaxt ayırmasına imkan yaratmaqdır. İş və şəxsi həyat arasında sağlam tarazlığın təmin edilməsi həm insanların rifahı, həm də əmək məhsuldarlığı baxımından əhəmiyyətlidir”.

Deputat eyni zamanda qeyd edib ki, çevik iş rejimi bütün sahələrdə eyni qaydada tətbiq oluna bilməz:
“Fasiləsiz xidmət və konkret iş saatları tələb edən sahələr istisna olmaqla, uyğun iş yerlərində nəticəyə əsaslanan qiymətləndirmə sisteminin və çevik iş qrafikinin təşviqinə ehtiyac var.
Müasir əmək münasibətlərində əsas məsələ daha çox saat işləmək deyil, ayrılan vaxtdan daha səmərəli istifadə etməkdir. İnsan əməyinə və vaxta daha çox dəyər verilməsi vacibdir”.