Xəbərlər

Azərbaycan və Mərkəzi Asiya iqtisadiyyatları vahid güc mərkəzinə çevrilir… – Deputat

Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı dövlətçilik maraqlarımız, geopolitik strategiyamız və milli birliyimiz baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın bu platformada tamhüquqlu üzv kimi təmsil olunması xarici siyasətimizin tarixi uğurudur.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev dövlət başçısının Türkmənbaşı sammitindəki nitqini və Azərbaycan-Mərkəzi Asiya inteqrasiyasının strateji dividentlərini şərh edərkən bildirib.

“Qardaş ölkələrin Qarabağdakı quruculuq dəstəyi milli mənəvi birliyimizin təzahürüdür”

MCP başqanı Mərkəzi Asiya dövlətlərinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirdiyi sosial və mədəni layihələri yüksək qiymətləndirib:

“Cənab Prezidentin çıxışında xüsusi vurğuladığı kimi, Mərkəzi Asiya ölkələri ilə münasibətlərimiz artıq yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Türkmənistanın təşəbbüsü ilə Füzulidə məscidin inşası, Özbəkistanın Mirzə Uluqbəy adına məktəbi, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda Manas adına məktəb tikməsi sadəcə tikinti layihələri deyil. Bu, azad edilmiş torpaqlarımızda qardaş dövlətlərin tarixi dəstəyi, sarsılmaz dostluq və mənəvi yakınlığımızın bariz göstəricisidir”.

“Orta Dəhliz və Yaşıl Enerji layihələri regional təhlükəsizliyin və iqtisadi müstəqilliyin təminatıdır”

Millət vəkili iqtisadi-ticari əlaqələrin, tranzit-logistika imkanlarının və birgə investisiya fondlarının rolunu diqqətə çatdırıb:

“Ötən il Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması və ölkəmizdə bu regionun kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi iqtisadi inteqrasiyanın real nəticəsidir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılan yüz milyonlarla dollar həcmindəki birgə investisiya fondları təkcə ticarəti artırmaq üçün deyil, həm də birgə istehsal müəssisələri quraraq xarici bazarlara birgə çıxmaq üçün güclü mexanizmdir.

Eyni zamanda, Xəzər dənizi üzərindən keçən Orta Dəhlizin ötürmə qabiliyyətinin artması, ‘Rəqəmsal İpək Yolu’ və dənizin dibi ilə fiber-optik xətlərin çəkilməsi Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında əvəzolunmaz qovşağa çevirir. Qazaxıstan və Özbəkistanla birgə qurulan Yaşıl Enerji Dəhlizi isə regionumuzun qlobal geoiqtisadiyyatdakı mövqeyini daha da möhkəmləndirəcək”.

“Siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməlidir”

Parlamentari Mərkəzi Asiya və Azərbaycan birliyinin geosiyasi çəkisini vurğulayaraq fikirlərini yekunlaşdırıb:

“Dövlətimizin başçısının qeyd etdiyi kimi, əməkdaşlığımızın geosiyasi əhəmiyyəti təkcə energetika və nəqliyyat layihələri ilə bitmir. Ölkələrimizdə sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərimizin təməlidir. Azərbaycanın xarici siyasəti dövlətimizin milli maraqlarını müdafiə etməklə yanaşı, Türk dünyasının vahid güc mərkəzinə çevrilməsinə xidmət edir”.

Bir cavab yazın

Back to top button