Azərbaycan separatizmin bütün formalarını pisləyir… – Ekspert

“Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qurularaq strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir”.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Tural İrfan deyib.
Ekspert qeyd edib ki, vaxtilə özü də separatizmdən və ərazi bütövlüyünün pozulmasından ciddi əziyyət çəkən bir dövlət kimi Azərbaycan dünyada separatizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir.
“Məhz bu səbəbdən rəsmi Bakı Tayvan regionunda keçirilən qanunsuz ‘seçkiləri’ tanımayaraq, bu prosesi rəsmi bəyanatla pisləyən ilk dövlətlərdən biri olub. Azərbaycan Çinin ərazi bütövlüyünü müdafiə etdiyi kimi, Çin Xalq Respublikası da hər zaman ölkəmizin suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. 18 may 2026-cı il tarixində Bakıda keçirilən rəsmi görüş bu ikitərəfli etimadın və strateji bağların ən əyani göstəricisidir. Tərəflər arasında formalaşan bu möhkəm siyasi zəmin iqtisadi platformada daha böyük layihələrin icrasına yol açır”.

MCP rəsmisi vurğulayıb ki, Pekin rəsmi Bakı ilə əsasən nəqliyyat-logistika, ticarət, yaşıl enerji və investisiya sahələrində əməkdaşlığa xüsusi önəm verir və bu əlaqələr qlobal əhəmiyyət kəsb edir:
“’Bir kəmər, bir yol’ təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafı, həmçinin yüksək texnologiyalar və bərpa olunan enerji layihələri iki ölkə arasındakı əlaqələri strateji xarakterə qaldırıb. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın tranzit potensialı Çin vasitəsilə daha mühüm qlobal ticari əlaqələrin qurulmasına və ölkəmizin milli iqtisadi inkişafının daha da sürətlənməsinə çoxşaxəli imkanlar yaradır”.