Avropanın tək yolu Ukraynanın qələbəsidir… – ŞƏRH

“Rusiyanın ancaq Ukrayna müharibəsində məğlubiyyətlə qarşısını almaq olar. Rusiya bu müharibədə qələbə qazanarsa, ortada hansı dövlətin və hansı şəkildə zəmanətindən asılı olmayaraq, Avropanın təhlükəsizliyindən heç bir söhbət gedə bilməz”.
Bu fikirləri Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib.
Ekspert qeyd edib ki, Avropa ölkələri artıq öz talelərini yalnız Vaşinqtonun qərarlarına bağlamaq istəmir:
“Avropa ölkələri ABŞ-ın iştirakı olmadan öz təhlükəsizliyini təmin etməyi bacarsa, bu, ABŞ-ın qitəyə təsirini əhəmiyyətli dərəcədə azaldacaq. Belə bir ssenari Avropanı ABŞ, Çin və xüsusən də Rusiya qarşısında rəqabətli bir oyunçuya çevirə bilər. Son dövrdə Avropa liderlərinin müstəqil ‘Avropa NATO-su’ yaradılması təşəbbüsləri – hansı ki, bunu ilk olaraq Fransa Prezidenti Makron irəli sürmüşdü – artıq Britaniya və Almaniyanın praktiki addımlarına çevrilir.”
Analitikin fikrincə, Avropanın Çinlə yaxınlaşması və Makronun Rusiya ilə dialoq cəhdləri strateji gedişlərdir:
“Britaniyanın Fransa ilə birlikdə Çinlə əməkdaşlığı, Britaniya baş nazirinin Çin səfəri və Makronun Rusiya ilə danışıqlar aparmaq istəyi göstərir ki, Avropa öz təhlükəsizliyini təmin etmək üçün ciddi hərəkətə keçib. Ukrayna Prezidenti Zelenskinin sülh müqaviləsi üçün təzyiqlərlə üzləşdiyini açıqlaması da bu proseslərin dolayı göstəricisidir.”
ABŞ-nin hazırkı mövqeyini şərh edən politoloq, Vaşinqtonun pragmatik maraqlarının ön plana çıxdığını vurğulayıb:
“ABŞ rəsmən sülh üçün təzyiq etmədiyini desə də, artıq dövlətlərin siyasi və iqtisadi müstəqilliyini nəzərə almır. Enerji resursları, xüsusən neft ixracına müdaxilə və İranla gizli danışıqlar göstərir ki, hazırda ABŞ üçün enerji prioriteti hər şeydən üstündür. Hətta bu yolda dünənki ‘düşmən’ dövlət bu gün müttəfiq kimi qəbul edilə bilər.”

MCP rəsmisi Ukraynanın qələbə strategiyasını Azərbaycanın təcrübəsi ilə əlaqələndirərək maraqlı bir paralellik aparıb:
“Ukraynanın nəticəvi qələbəsi yalnız o halda mümkündür ki, Kiyev Donald Tramp hakimiyyəti dövründə heç bir sülh razılaşmasına getməsin və öhdəlik götürməsin. Əgər Ukrayna bu vəziyyəti Tramp dövrünün sonuna qədər saxlaya bilsə, zamanından asılı olmayaraq qələbə qazanacaq. Azərbaycan Prezidenti İlham Əliyevin illərlə apardığı ‘işğalla barışmamaq’ xətti Ukraynanın gələcək qələbəsinin ən əsas şərtidir.”
Sonda başqa müavini əlavə edib ki, Avropa bu reallığı tam məsuliyyəti ilə dərk edir:
“Ukraynanın qələbəsi həm də Avropanın təhlükəsizliyinin təminatı deməkdir. Avropanın və hətta Çinin ‘əldən çıxması’ ehtimalı Trampı belə bir addım geri çəkilməyə məcbur edir.”