Avropanın hərb maşını işə düşür… – Politoloq

Bir neçə aydır ki, Avropa İttifaqının Ukraynaya ayırdığı 90 milyard avro kreditin verilməsi reallaşdı. Macarıstan Baş naziri V. Orban Ukraynaya verilməsi olan kreditə veto qoyurdu. V. Orbanın seçkilərdə məğlub olması və yeni hökumətin bu krediti verilməsinə lehinə səs verməsi Rusiyanın Avropa İttifaqındakı dayaqlarını tam iflasa uğratdı.
Bu fikirləri Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Sosdem.az-a açıqlamasında Avropa-Ukrayna münasibətlərindəki yeni mərhələni və Rusiyanın cəbhədəki ağır vəziyyətini şərh edərkən deyib.
Ekspert bildirib ki, 90 milyard avroluq maliyyə yardımı və qəbul edilən 20-ci sanksiyalar paketi Ukraynanın müqavimətini strateji səviyyədə artıracaq:
“Avropa kifayət qədər Ukraynaya dəstək olmaqla Rusiyanın qalib gəlməsinin qarşısını alacaq. Ukraynanın hərbi sənayesi güclənir, Rusiyanın neft emalı zavodları və digər hərbi maşınına aid olan obyektlər artıq sıradan çıxarılır. Almaniya son iki il ərzində öz hərbi potensialını bərpa edir. Rəsmi Berlinin TAURUS raketlərini Ukraynaya tədarük etməsi gözlənilir ki, bu da cəbhədə Rusiyaya ciddi zərbələrin vurulması deməkdir. Demək olar ki, Avropanın hərb maşını Ukrayna üçün işə salınıb.”

MCP rəsmisi Rusiyanın daxili vəziyyətinə və Putinin son çağırışına da diqqət çəkib:
“Putinin xalqa müraciətində hamını cəbhə xəttinə kömək etməyə çağırması Rusiyanın nə dərəcədə çətin və ağır vəziyyətdə olduğunu aşkar göstərir. Bu fonda Avropa NATO-ya alternativ ordu yaratmaq istiqamətində ciddi işlər aparır. Avropanın vahid ordusu olmasa, Almaniya öz ordusunu gücləndirib, yeni iddialar ortaya qoya bilər. Ona görə də Avropa ölkələri vahid ordu konsepsiyasını dəstəkləyir”.